4 Noyabr 2023 08:36
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. Zirvə görüşünün şüarının “Türk əsri” adlandırılması özlüyündə qarşıya qoyulan hədəfin göstəricisidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir: “14 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb.

Onun fikrincə, Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib: "Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində türk ölkələrinin Azərbaycana dəstəyini yüksək dəyərləndirib. Xüsusilə, biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik. Cənab Prezident artq Azərbaycanın ərazi bütövlüyünün və suvrenliyinin tam təmin olunduğunu bəyan edib. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verib.

Millət vəkilinə görə, Zirvə Görüşündə türk dövlətlərinin liderləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini xüsusi vurğulayıblar: “Eyni zamanda, TDT-nin daha bir önəmli missiyası tərəfdaşlıqdan inteqrasiyaya aparan yolla bağlıdır. Türk dövlətləri arasında intensivləşən inteqrasiya prosesini Türkiyə və Azərbaycanın apardıqları siyasətdən də aydın şəkildə görmək olur. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. Türkiyə bölgədə bərpa işlərində aktiv iştirak edir. Biz digər türk dövlətlərinin prosesdə iştirakına maraqlıyıq. Bu baxımdan, Füzuli rayonunda Özbəkistan tərəfindən tikilib istifadəyə verilmiş məktəb və Qazaxıstan tərəfindən inşa olunan Yaradıcılıq Mərkəzi xalqlarımız arasında dostluq və qardaşlığın daha da dərinləşməsini göstərən faktlardır.

Sevinc Fətəliyeva hesab edir ki, Türk birliyinin qlobal güc olması artıq reallığa çevrilməkdədir: “Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zərurətə çevirəcək. Zirvə Görüşünün şüarının “Türk Əsri” adlandırılması da buna dəlalət edir. Eyni zamanda, dünyada baş verən mürəkkəb proseslər fonunda təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində də birgə addımların atılması aktualdır. Zirvə Görüşündə qəbul olunan Astana Bəyannaməsinin müddəaları, eləcə də digər qərarlar bu hədəflərin reallaşmasını zəruri edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər