10 Noyabr 2023 14:13
10 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

“G-7 ölkələrinin Azərbaycan əleyhinə bəyanatı Fransanın səyləri ilə qəbul edilib”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qrant Mikayelyan deyib.

Ekspert bəyanatın “yumşaq ton”una da diqqət çəkib. Onun sözlərinə görə, “Böyük Yeddilər”in Azərbaycanı hədəfə alan bəyanatının “yumşaq” olmasının bir sıra səbəbləri var. Mikaelyan ilk səbəb kimi Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasını və qərbyönlü siyasət yürütməsini göstərib.

“Bu bəyanat G-7 ölkələrinin siyasi fikrini ifadə edir, amma onların daha konkret hərəkət istəklərinin olmadığı bəllidir. Bu fikir maraqlı olsa da, o qədər də vacib deyil”, - Mikaelyan əlavə edib.

Politoloq bəyanatın Fransanın səyləri ilə qəbul olunduğunu, ABŞ-ın da müəyyən rolunun olduğunu bildirib:

“Vaxtilə danışıqlar prosesinin moderatoru Minsk qrupu idi. Minsk qrupunda Fransa da daxil olmaqla iki Qərb ölkəsi vardı, hər ikisinin anti-Türkiyə yönümlü olduğunu söyləmək olar. İndi ABŞ-da Demokratlar hakimiyyətdədir, erməni lobbisinə daha yaxındırlar, Respublikaçılardan fərqli olaraq, türklərlə münasibətləri daha pisdir. Başqa sözlə, yəqin ki, burada Fransa faktoru rol oynayıb, haradasa ABŞ da təsir edib. Çünki “Böyük Yeddilər”in digər ölkələrindən, məsələn, İtaliyadan danışırıqsa, orada vəziyyət başqadır, eləcə də Britaniyada”.

Mikaelyan G-7 üzvləri olan Britaniya və İtaliyanın Azərbaycanla yaxın əlaqələrinə, enerji və digər sahələrdəki əməkdaşlıqlarına diqqət çəkib. Eyni zamanda, qeyd edib ki, Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşıdır, bu səbəbdən də ona qarşı münasibətdə ehtiyatlıdır.

Mikaelyan hesab edir ki, G-7-nin bəyanatının “zəif və yumşaq” olmasının səbəbi bu səyin ABŞ yox, mövqeləri ondan qat-qat zəif olan Fransadan gəlməsidir. Erməni politoloq bu baxımdan ABŞ-ın G-7 çərçivəsində apardığı effektli Rusiya və Ukrayna siyasətinə diqqət çəkib.

“Fransanın G-7 səviyyəsində bu bəyanatın qəbul edilməsində israrlı olmasından gedirsə, deməliyik ki, burada Rusiya və Ukrayna ilə bağlı siyasəti Amerika aparır. ABŞ-ın çəkisi Fransadan fərqlidir, ciddi şəkildə fərqlidir. ABŞ-ın G-7 çərçivəsindəki mövqeyi Fransanın mövqeyindən qat-qat önəmlidir”, - Mikaelyan vurğulayıb.

G-7-nin xarici işlər nazirləri noyabrın 8-də Tokioda İsrail-Fələstin, Rusiya-Ukrayna müharibələri, Çin və İran, eləcə də Azərbaycanla bağlı bəyanatla çıxış ediblər. Bəyanatda Azərbaycana qarşı Qarabağ ermənilərinə qarşı “humanitar problem” yaratmaq kimi əsassız ittiham irəli sürülüb, bunun aradan qaldırılmasına çağırış edilib. Eyni zamanda, “Böyük Yeddilər” Ermənistanla Azərbaycan arasında sabit sülhün bərqərar olmasına tərəfdar çıxdıqlarını bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər