14 Noyabr 2023 20:39
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Britaniyanın yeni xarici işlər naziri Azərbaycanla sıx əməkdaşlığın tərəfdarıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Britaniyanın ictimai-siyasi həyatındakı son gəlişmələri şərh edib:

“Britaniya Baş naziri Rişi Sunakın sələfi Devid Kemeronu xarici işlər naziri təyin etməsi maraqlı gedişdir. Kemeron 2005-2016-cı illərdə Mühafizəkarlar Partiyasının lideri, 2010-cu ildə isə 43 yaşında ölkəsinin baş naziri olub. İstefa verdikdən sonra siyasətdən uzaqlaşmışdı. Buna baxmayaraq, Kemeron Sunakın təklifini qəbul edib. Bundan əvvəlki xarici işlər naziri Fələstin əleyhinə söylədiyi fikirlərə görə istefaya göndərilib. Sunak boşalan yerə namizəd axtararkən, kabinetinin ümumi qərarıyla Kemerona üstünlük verib.

Kemeron 2016-cı ildə Britaniyanın Avropa İttifaqından çıxarılması prosesinə (Breksit) razılıq vermişdi. Amma özü Britaniyanın Avropa İttifaqından çıxmasının əleydarı idi, hesab edirdi ki, ingilislər referendumda Breksit əleyhinə olacaqlar. Kemeronun proqnozu səhv çıxdı, Britaniya Avropa İttifaqı ilə “sağollaşdı”.

Kemeron Çinlə münasibətlərin normallaşmasının, Rusiyaya qarşı isə sərt siyasətin davamının tərəfdarıdır. London son vaxtlar Pekinlə sıx dialoq qurmağa çalışır. Ancaq London bu zaman Vaşinqtona da boylanmaq məcburiyyətindədir. London Vaşinqtonun rəyinin əksinə olaraq, Pekinlə çox yaxınlaşa bilməz. Təsadüfi deyil ki, ABŞ-ın Çinə qarşı formalaşdırdığı AUKUS ittifaqında Avstraliya ilə yanaşı, Britaniya da var. ABŞ və Britaniya AUKUS çərçivəsində və Çin təhlükəsi qarşısında Avstraliyanın hərbi dəniz qüvvələrini gücləndirmək barədə qərar qəbul edib. Odur ki, Kemeron bu siyasətə sadiq qalmalıdır. Yeni xarici işlər naziri Ukraynaya dəstək siyasətinin davamını da təmin edəcək”.

Elxan Şahinoğlu Britaniyanın yeni baş diplomatının və rəsmi Londonun Azərbaycana münasibətinə də diqqət çəkib:

“Britaniya Azərbaycanın da yaxın tərəfdaşıdır. Kemeron baş nazirliyi dövründə Britaniyanın Azərbaycanla sıx tərəfdaşlığını dəstəkləmişdi. O, Bakıda keçirilən neft-qaz sərgisinə göndərdiyi məktubda “Azərbaycanla Birləşmiş Krallıq arasında möhkəm ikitərəfli münasibətlərlə fəxr edirəm” cümləsini yazmışdı. Kemeron xarici işlər nazir işlədiyi dövrdə bu siyasətə də sadiq qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər