Azərbaycanın konstitusiya quruluşunun bərpa etmək məqsədilə keçirdiyi antiterror tədbirlərindən sonra Qərb ölkələri kəskin narahatlıq keçirməyə başlayıb. Bu yaxınlarda Fransa dövlətinin başçısı Emmanuel Makron Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikri ilə yenidən erməni separatizmi qızışdırmağa başladı. Qərb növbəti dəfə Qafqazda münaqişə ocağının yaranmasına cəhd göstərdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
O, Fransanın Ermənistana silah-sursat təmin etməyə başladığını vurğulayıb: "Beynəlxalq hüququn ədalətinə inansaq, Qərb 30 il bu münaqişəni gözardına vurdu. Eləcə də Qərbi Azərbaycandan insanların acınacaqlı şəraitdə, soyqırımı törədilməklə çıxarılmasına göz yumdular. Niyə o zaman demirdilər ki, Qərbi azərbaycanlıların da Ermənistanda öz mahallarında, dədə-baba yurdlarında sakit və rahat yaşamaq üçün konstitusion hüquqları tanınmalıdır. Otuz ildən çox müddətdə heç bir addım atmadılar. Amma Azərbaycan qanunları çərçivəsində yaşamalarına təminat verilən ermənilərlə bağlı beynəlxalq aləmdə səs-küy yaradıblar, Azərbaycanı ləkələməyə, anti-Azərbaycan təbliğatının Qərb dünyasında geniş yer almasına rəvac verməyə başlayıblar. ABŞ dövlət katibinin Avropa və Asiya ölkələri üzrə köməkçisi müraciəti ilə Azərbaycana təzyiq formasında ermənilərin əraziyə qayıtmasının təmin olunması tələb edilir. Zəngəzur dəhlizinin açılmasında Azərbaycana "yol göstərilir", İranın iştirakının mümkünsüzlüyü deyilir".
Məhəmməd İmanlı vurğulayıb ki, 2020-ci il 9 noyabrda bağlanmış sazişə uyğun olaraq Azərbaycan müstəqil dövlət kimi özünün bir parçası olan Naxçıvana yolun, kommunikasiyanın çəkilməsini istənilən formada həyata keçirə bilər: "Əgər Ermənistan buna mane olsa, o zaman Azərbaycan alternativ yollarla bunu həyata keçirməlidir. Nədənsə bu gün dünyada baş verən bu proseslər fonunda hüququn çox geridə qalmış topun lüləsində, tüfəngin özündə görünən gücün qüdrətinə sığınıblar. İnsan hüquqlarından danışırlar, amma proseslərə ikili standartla yanaşırlar. Ukrayna torpaqlarının qaytarılması üçün bütün güclərini qoyurlar. Ukraynanın BMT-də tanınmış sərhədlərini tanıyırlar, Azərbaycana isə bu münasibət yoxdur. Dünyada nəinki ikili standartları, deyərdim ki, ikiüzlü standartlar hökmranlıq edir. Azərbaycana qarşı olan qüvvələr yenidən revanş hərəkatını hazırlamağa cəhd göstərirlər".
Professor bildirib ki, sülh danışıqlarının Azərbaycanda aparılması daha yaxşı olar:
"Çünki Azərbaycan qalib dövlətdir. Niyə biz Moskvaya, Strasburqa, Vaşinqtona getməliyik? Ermənilər zəhmət çəkib Bakıya gəlsinlər. Burada minlərlə erməni çox azad şəkildə yaşayır. Danışıqları burada gəlib aparsınlar. Azərbaycan Konstitusiyasından irəli gələn azadlıq və hüquqlarını onlara izah edərik. Belə bir halda Qərbi Azərbaycan məsələsi də qaldırılmalıdır. Qərbi azərbaycanlıların da Ermənistan dövlətində hüquqları tanınmalı, qarşılıqlı şəkildə ermənilər burada yaşadığı kimi, bizim də həmin ərazilərdə azad və firavan yaşamağımızın təminatına dair öhdəliklə bağlı müqavilədə xüsusi bəndlər olmalıdır. Müqavilənin imzalanması üçün elə ən gözəl məkan Bakıdır. Qarşılıqlı ekspert və komissiyanın üzvlərindən ibarət nümayəndə heyətləri görüşüb müqaviləni imzalaya bilərlər. Azərbaycana qarşı yönəlmiş çirkin kampaniyanın başında təbii ki, erməni əsilli və erməni daşnaklarının Amerika, Fransa, bütövlükdə Qərb dünyasında olan üzvləri dayanır. Onlar bu strategiyanı həyata keçirmək üçün külli miqdarda maddi təminatlarını işə salıblar. Lakin Azərbaycanın yenilməz ali baş komandanı, müzəffər və şanlı ordusu var, bundan sonra bizimlə təhdid dilində danışmaq olmaz".