22 Noyabr 2023 19:57
2 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, Azərbaycan tərəfi Ermənistana sülhlə bağlı konkret ünvanı göstərib. Təklif ondan ibarətdir ki, iki ölkə sərhədində sülh müqaviləsi imzalana bilər. Heç bir vasitəçi olmadan razılaşmanın əldə olunacağı ehtimalını necə dəyərləndirirsiniz?

- Azərbaycan üçüncü tərəflərin Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olduğunu müşahidə edir. Çünki üçüncü tərəflər Ermənistana sülh müqaviləsinə müxtəlif mətnlərin salınmasını təhrik edir. Eyni zamanda vasitəçilər ambissiyalarını ortaya qoymağa çalışır. Bunun fonunda Bakı ilə tamamilə başqa üslubda danışmağa cəhdlər var. Belə olan halda Azərbaycan məhz Ermənistanla ikili formatda, təkbətək sülh müzakirəsinin aparılması təklifini irəli sürüb.

- Bir müddət öncə Gürcüstanda bu formatda görüşün olması təklif edilmişdi...

- Gürcüstanın region ölkələri ilə bağlı heç bir iddiasının olmadığı nəzərə alınsa, bu platforma daha effektiv görünür. Məhz Gürcüstanda belə bir müzakirənin aparılması Azərbaycan tərəfindən irəli sürülmüşdü. Amma erməni tərəfi hələlik bu platformanı qəbul etməyib. Belə olan halda Azərbaycan-Ermənistan sərhədində iki ölkənin xarici işlər nazirləri, gələcəkdə isə liderləri arasında görüşün olması mümkün ola bilər.

- İkitərəfli sülh danışıqlarına üçüncü tərəflərin münasibəti necə olacaq?

- Azərbaycanla Ermənistan arasında hər iki ölkənin sərhədində aparılacaq sülh danışıqları üçüncü tərəflərin bir-birinə olan qısqanclığına da son qoya bilər. Ona görə də, bu yaxşı təklifdir.

- Ermənistanın təkbətək görüşə gələcəyi ehtimalı var?

- Məsələnin bu tərəfi də var. Çünki Ermənistan ola bilsin ki, bu dəfə də Azərbaycanla təkbətək görüşdən qaçsın. Nikol Paşinyan bu kimi görüşlərdən qorxur. O, daha çox beynəlxalq qarantiya inistitutlarının, müxtəlif ölkələrin onu dəstəkləməsi şərti ilə üçüncü ölkələrdə bu görüşün olmasının tərəfdarıdır. Bu mənada Paşinyan daha çox Qərbdə, Vaşinqtonda və Brüsseldə bu kimi görüşlərin keçirilməsinə meyillidir.

- Azərbaycanın sülhlə bağlı təklifinə iki aydan çoxdur ki, erməni tərəfi cavab verməmişdi. İndiki halda verilən cavab sülh prosesinə necə təsir edəcək?

- Ermənistan tərəfinin bu cavabının nədən ibarət olduğu bilinməsə də, görünən odur ki, görüşüb danışmaq daha məqsədyönlü olar. Çünki bütün məsələləri diplomatik email vasitəsi ilə detallı müzakirə etmək alınmır. Üzbəüz görüşdə isə tərəflər bir-birinə olan iradları açıq şəkildə ifadə edə bilər.

- Sülh mətnində 8 kəndin geri qaytarılması və Zəngəzur dəhlizi ilə bağlı müddəaların olması ehtimalı varmı?

- Azərbaycan əsas məqsədinə nail olub. Qarabağda Azərbaycan bayrağı dalğalanır. Anklavlar da sözsüz ki, həll olunası məsələdir. Dünya praktikasında anklavlarla bağlı bir neçə təcrübə var. Ərazilərin dəyişdirilməsi, anklavların qarşılıqlı şəkildə təhvil verilmsi və s kimi nümunələr mövcuddur. Ona görə də, bu məsələdə ciddi problemin olacağı ehtimalı azdır.

- Belə olan halda sülhlə bağlı əsas problem nədir?

- Burada sülh müqaviləsinin mətnində hansı məsələlərin yer alması ilə bağlı olan problem var. Bundan öncə xəbərlər yayılırdı ki, Qərb Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliklərini həmin mətnə daxil etmək istəyir. Təbii ki, Azərbaycan bununla razı olmayacaqdı. Çünki Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələsi Azərbaycanın daxili işidir.

- Qərbin bu məsələdəki israrı nə ilə bağlıdır?

- Onların bu niyyəti qərəzlidir. Bu, gələcəkdə Azərbaycana qarşı Qafqazda məkirli planlarını həyata keçirmək məqsədinə hesablanmışdı. Əslində burada əsas məsələ Zəngəzur dəhlizinin sülh mətninə daxil edilib-edilməməsi ilə bağlıdır. Bu yeni bir mərhələnin başlamasından asılıdır. Sülh mətni nə qədər qısa-konkret olarsa, gələcəkdə bunun ətrafında ola biləcək spekuliyasiyaların qarşısını asanlıqla almaq olar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər