23 Noyabr 2023 09:05
4 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb:

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, ABŞ öz davranışlarını Azərbaycanın Zəngəzura "hücum"dan çəkindirmək məqsədinə hesablandığı iddiası ilə əsaslandırır. Bu nə dərəcədə ciddi əsaslara malikdir?

- Bu yanaşmaları məhdud xarakter daşıyan amillərlə bağlamaq olmaz. Azərbaycan rəsmi şəkildə Zəngəzur dəhlizinin artıq o qədər də maraq kəsb etmədiyini açıqlayıb. Əslində dəhlizin açılması Ermənistana daha çox lazımdır. Azərbaycan İran vasitəsi ilə Naxçıvana gediş-gəliş əldə etmək imkanı qazanır. Ona görə də, alternativ yol var. Burada hər hansı bir problem görünmür. ABŞ prezidenti Co Baydenə erməni lobbisinin ciddi təsiri də burada özünü göstərir. Azərbaycana qarşı yönəlmiş məlum “907-ci düzəliş”in əsas müəlliflərindən biri də məhz Baydendir. Bu adam birbaşa erməni lobbisinin maliyyəsinin girovluğunda olan dövlət başçısı və siyasətçidir. İllərdir ki, Bayden erməni lobbisinin maliyyə dəstəyi ilə karyerasında yüksəliş əldə edib. Fakt odur ki, bu şəxs Azərbaycan və Türkiyəyə qarşı əks mövqedə dayanıb. Niyyəti Azərbaycanı zəiflətmək, ölkəmizi beynəlxalq səviyyədə gözdən salmaqdır. Məqsəd Ermənistanla sülh müstəvisində Azərbaycana təzyiqlər fonunda nəsə əldə etməkdir.

- Vaşinqtonun Azərbaycanla bağlı əsas niyyəti nədən ibarətdir?

- Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan beynəlxalq arenaya çıxış imkanlarına malikdir. İran vasitəsi ilə Naxçıvana, oradan da türk dünyasına çıxış əldə olunur. Ona görə də, Zəngəzur dəhlizi Azərbaycan üçün alternativ olacaq keçid imkanlarından biri kimi dəyərləndirilir. Eyni zamanda ABŞ-ın Azərbaycana uzun on illiklər xoş niyyətli bir addımı da müşahidə edilməyib. 30 il müddətində ABŞ-ın da təmsil olunduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətindən çıxarılan nəticə odur ki, məsələnin sülh yolu ilə həllinə başlıca şəkildə maneə olan Vaşinqtonla Paris olub. İndiki halda hər iki ölkə Azərbaycanın haqq işinə qarşı bu qədər təzyiq göstərmək istəyirsə, deməli onlar 30 ildə Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalmasının başlıca qarantı kimi çıxış edib.

- Zəngəzur dəhlizinin hansı ölkənin nəzarətində açılması məsələsi də bu gün daha çox müzakirə edilir. Ermənistanın sərhədlərinin pozulmasını özünün “qırmızı xətti” adlandıran İran əzəli rəqibinin Zəngəzura gəlməsinə necə yanaşacaq?

- Regionda mühüm qovşağa və açar roluna malik olan Azərbaycan bu baxımdan ciddi geopolitik, geoiqtisadi əhəmiyyət kəsb edir. Bu, Avropa İttifaqının, Fransa və ABŞ-ın ciddi maraq obyektindədir. Zəngəzur dəhlizinin açılması hazırkı dönəmdə İrəvan-Moskva arasında ciddi fikir ayrılığına səbəb olub. Ona görə də, ABŞ bu məsələdə Ermənistanla yanaşı Rusiyaya qarşı iş aparmalıdır. Həmçinin Vaşinqton 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmanın 9-cu bəndini pozaraq burada bütün səlahiyyətləri Ermənistan üzərindən cəmləşdirmək imkanlarını ortaya qoymalıdır. İran nəhayət gözünu açıb Ermənistanın davranışlarına nəzər salmaqla onun əsl mahiyyətini bir daha görməlidir.

- Dəhlizə nəzarət uğrunda Ermənistan-Rusiya narazılığı fonunda Azərbaycanın təpkilərlə üzləşməsi nə dərəcədə məntiqlidir?

- Fakt odur ki, ABŞ və Fransanın regiona olan marağı Rusiyanın sıxışdırılıb buradan çıxarılması kimi iddiaları özündə ehtiva edir. Məqsəd Avropanın və yaxud NATO-nun silahlı qüvvələrinin bölgəyə gətirilməsidir. Onların belə bir gözləntiləri var. Bütün bunlar isə Ermənistanın kimlərin himayəsinə girmək istəklərini göstərir. Bu ermənilərin genetik kodu ilə bağlıdır. Rusiyanın bölgədə zəifləməsi fonunda Ermənistan öz təhlükəsizliyinə Qərbdə qarantiya axtarır. Rusiyadan birbaşa asılı olan Ermənistanın ABŞ və Qərbin himayəsinə girməsi də olduqca absurd məsələdir.

- Rəsmi Moskvanın erməni müttəfiqlərinin bu davranışlarına sona kimi təmkinlə yanaşacağı gözlənilirmi?

- Hazırda Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Bu cəbhədə durğunluq yaranan kimi Rusiya geri dönüş edəcək. Bu zaman isə Ermənistana bu davranışları bağışlanmayacaq. Belə bir vaxtda Ermənistan İranla da bütün körpüləri yandırır. Hazırda İrəvan İrana da arxa çevirir. Rəsmi Tehran bu məsələdən ciddi dərs çıxartmalıdır. Çünki İran ABŞ-ı özü üçün düşmən hesab edirsə o artıq burnunun ucunda yəni, Ermənistandadır. Tehran buna reaksiya verməlidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər