21 Noyabr 2023 19:44
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Cənubi Qafqazın lideri dövləti olan Azərbaycan şərtləri diktə edən tərəf kimi ikiüzlü, qərəzli Qərb siyasətinin hədəfinə çevrilib. Bunun növbəti təzahürünü noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etməsində özünü göstərdi. ABŞ Konqresinin Xarici İşlər Komitəsində “Qarabağın gələcəyi” ilə bağlı qəbul olunan qərəzli akt ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbədir. ABŞ-nin selektiv və ermənipərəst mövqeyinin açıq təzahürü olan “sənədin” qəbuluna görə, Azərbaycan Vaşinqton görüşündən imtina etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ senatinin qəbul etdiyi “akt” ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir: Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin geniş vüsət aldığı 1992-ci ildə Xocalı soyqırımı ilə yanaşı, Qarabağın digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi qırğın aktları törədilərkən, ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan xalqına qarşı törədilən misilsiz qəddarlıqla həyata kekçirilən vandallığın qarşısını almaq əvəzinə ölkəmizə qarşı 907-ci düzəlişi qəbul etdi. Bununla da ABŞ hökümətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olundu. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. 2001-ci ildə məlum terror hadisəsindən sonra ABŞ Konqresi öz geosiyasi maraqlarına görə prezidenti “907-ci” düzəlişin hüquqi qüvvəsini müvəqqəti dayandırmaq imkanı verən qanun qəbul etmişdi. ABŞ Konqresinin bu imkanı ümummiyyətlə ləğv edən qanun qəbul etməsi iki ölkə arasında münasibətlərə ciddi zərbədir. Halbuki, bu günə qədər ABŞ və Azərbaycan terrorizmlə mübarizə başda olmaqla bir çox məsələlərdə strateji tərəfdaşdır. ABŞ Senatının qəbul etdiyi “aktdan” belə görünür ki, Azərbaycan öz torpaqlarında terroristlərin fəaliyyətinə imkan verməli imiş”.

Millət vəkili hesab edir ki, bu “aktın” qəbul olunmasının bir çox səbəbləri var: “Ən başlıcası Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət yürüdən dövlət olmasıdır. Təbii, ABŞ-da qarşıdan gələn seçkiləri bu “aktın” qəbul olunmasına təsiri danılmazdır. Ona görə ki, bu qərəzli aktın qəbul olunmasında erməni lobbisinin maddi dəstəyinə ehtiyac duyan Bayden Administrasiyasının təhriki göz qabağındadır. Korrupsiyaçı, islamafob senatorların dinləmələrdə nümayiş etdirdiyi ikili standartlar və selektiv yanaşma absurd teatr tamaşasından başqa bir şey deyil. Amma bütün bunlara baxmayaraq indi reallıq tamam başqa bir müstəvidədir. Azərbaycan 1992-ci ildəki səviyyədə deyil. Bu gün Azərbaycanın ABŞ-ın sentinə ehtiyacı yoxdur. Sözsüz ki, bu aktın qəbulu beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Çünki bu məsələ özlüyündə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrinin əksinə yönəlib. ABŞ Senatının belə bir “aktı” qəbul etmiş olması təəccüblü deyil. Ona görə ki, bu dövlət özünün səs verdiyi BMT qərarlarına heç bir əhəmiyyət vermədən Azərbaycan Respublikası ərazisində Ermənistan tərəfindən yaradılmış seperatçı rejimi dəstəkləyib. Bütün bunların fonunda ABŞ-ın Minsk qrupu çərçivəsində fəaliyyətsizliyi əlbəttə ki, təəccüb doğurmur”.

Deputat bildirib ki, qondarma “Dağlıq Qarabağ respublikasi” özünü buraxdıqdan sonra Amerikanın onu müdafiə etməsi siyasi riyakarlıqdan başqa bir anlam kəsb etmir “Bu regionda vəziyyətin yenidən gərginləşməsinə xidmət edən destruktiv yanaşmadır. Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasətin iflasa uğradığının şahidiyik. Xüsusilə, Əfqanıstan və Yaxın Şərqdən əli üzülən ABŞ Ermənistan vasitəsilə Cənubi Qafqaza girməyə çalışır. Daha dəqiq desək Ermənistanın zəifliyindən öz məkrli siyasətini həyata keçirmək üçün istifadə edir. Üzdə erməni lobbisinin arzularını gerçəkləşdirirmiş kimi görünsə də, ABŞ hər vasitə ilə Ermənistandan və ermənilərdən istifadə edir. Nəzərə almadıqları isə Azərbaycanın 90-cı illərdəki səviyyədə olmamağıdır. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət edərək, öz milli maraqlarını reallaşdırıb. Bu gün Azərbaycan öz milli maraqlarına zidd olan bütün məkrli, qərəzli, ikiüzlü münaisbətlərə adekvat cavab vermək iqtidarındadır. Bu mənada Milli Məclisin qəbul etdiyi bəyanat ABŞ-ın ortaya qoyduğu münasibətə adekvat bir yanaşmadır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər