Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Cümşüd bəy, Qərbin Azərbaycana qarşı təzyiqi Ermənistana nə vəd edir? Rəsmi İrəvanı indiki halda Bakının addımlarından qorxudan cəhət nədir?
- Azərbaycan heç bir dövlətə hücum etmək niyyətində deyil. Onlar yalan danışır. Ermənilərin hazırkı qorxusu Azərbaycanın sərhədlərini hansı illərin xəritəsi əsasında dəqiqləşməsinin aparılması ilə bağlıdır. Azərbaycanın 1925-ci il keçmiş sovet xəritələri ilə sərhədlərin dəqiqləşməsi məsələsini qaldırması erməni tərəfi üçün böyük qorxu hesab edilir. Çünki 1925-ci il xəritəsi ilə sərhədlərin delimitasiya və demarkasiyası gündəmə gəlsə Zəngəzur dəhlizindən danışmağa ehtiyac qalmır. Çünki ermənilər 1929-cu ildə Naxçıvanın 9 kəndini özlərinə birləşdirib. Beləliklə, 36 km-lik məsafə Azərbaycana qaytarılmış olur. Onların qorxusu da məhz bununla bağlıdır.
- “Zəngəzuru Azərbaycan hücum edib götürəcək” kimi rotorika səslənir. Bu, hansı məntiqə əsaslanır və nə kimi arqumentlər var?
- Ermənistanın hazırda Rusiya ilə də münasibətləri gərgindir. Qorxurlar ki, belə olan halda Azərbaycan Zəngəzuru hərbi müstəvidə həll edə bilər. Əslində Rusiya da Azərbaycanla bağlı xəritə məsələsində eyni prizmadan çıxış edir. Moskva Azərbaycanın keçmiş SSRİ-yə 100 min kv km-lik bir ərazi ilə daxil olduğunu bildirir. Həmin ərazilərin daha sonra Ermənistana güzəştə gedilməsi faktları var. Çünki zaman etibarı ilə ermənilər Göyçəni-Dərələyəzi qanunsuz olaraq özlərinə birləşdirib. Zəngəzur isə ümumiyyətlə Azərbaycan ərazisi hesab olunur.
- Rusiya-Ermənistan gərginliyi necə bitəcəyi ilə bağlı suallar var...
- Ermənilər həyatları boyu ruslara borcludur. Ermənistan adında tarixdə dövlət olmayıb. Heç çarlıq belə yarada bilməyiblər. Sadəcə olaraq özləri üçün xəyalı bir Tiqran uydurublar. 105 ildir ki, Ermənistanı dövlət kimi saxlayan Rusiyadır. 1828-ci ildə erməniləri məhz ruslar bura köçürüb. Ondan sonra ermənilər Azərbaycana problemlər yaratmağa başlayıb. İndi isə ermənilər rusların üzünə ağ olur. Ona görə də, Rusiya onları cəzalandıracaq. 2044-cü ilə qədər Rusiya hərbi bazası Ermənistandan çıxmayacaq. Əslində Rusiya üçün Ermənistanı işğal etmək su içimi kimi bir şeydir. Bir gecədə Ermənistan yox edilə bilər. Ermənistanda da bunu bilirlər. Ona görə də, çalışırlar ki, ABŞ Ermənistanı qorumaq üçün nəsə etsin.
- Ermənistanın sərhədlərlə bağlı manipuliyasiya imkanları nə qədərdir?
- Bu ayın 29-30-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı hər iki tərəfin işçi qrupu görüşəcək. Bu görüşdən Ermənistan nəhayət nəticə çıxarmalıdır. Çünki bu proseslərdən o məğlub çıxır. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın davranışı, manipuliyasiyası özünə ziyan vurdu. Azərbaycan İran vasitəsi ilə avtomatik olaraq bu məsələni həll etdi. Sərhədlərlə bağlı da Ermənistanı eyni aqibət gözləyir.
- ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı narahatlığa nəyə əsaslanır? Bölgədən uzaq bir ölkə üçün bu regiondakı kommunikasiya xəttləri nə dərəcədə önəmlidir?
- Azərbaycan Ermənistandan hələ də işğalda saxladığı kəndlərin boşaldılmasını tələb edir. Qazağın 7 kəndinin geri qaytarılması Ermənistanın Lars yolunun Azərbaycan Ordusunun nəzarətinə keçməsi deməkdir. Qış fəslində həmin yolların bağlanması və Azərbaycan Ordusunun əraziyə nəzarəti Ermənistanın tam blokadaya düşməsi ilə nəticələnə bilər. Gürcüstan üzərindən Dmanisi yolu da qış vaxtı əlverişsiz olur. Vaşinqtonun narahatlığı da Azərbaycanın 1925-ci il xəritələri ilə öz ərazisini geri istəməsi ilə bağlıdır. Amma burada ABŞ-ın heç bir təsir imkanı yoxdur. ABŞ-ın 14 ştatı ondan ayrılmaq istəyir, gedib öz daxili problemləri ilə məşğul olsun.