Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ dövlət katibinin müavini Ceyms Obraynın Azərbaycan səfərindən sonra münasibətlər necə olacaq? Hesab etmək olarmı ki, gərginlik arxada qaldı? Bakıdakı görüşlərdən sonra verilən mesajlar kifayət qədər müsbətdir.
- Gərginlik arxada qalmayıb, zahirən arxada qalıb. ABŞ-la Azərbaycan arasında münasibətlər heç vaxt rəvan olmayıb, eyni zamanda intensiv olub. Həm logistika, həm enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması, həm geosiyasət, həm siyasət, həm də regional strategiya baxımından Azərbaycan ABŞ üçün əlahiddə əhəmiyyət kəsb edir.
İlk baxışda çox qəribə situasiya müşahidə edirik, balaca, əhalisi 10 milyon olan Azərbaycan ABŞ-la kəllə-kəlləyə gəlib. Bir çox ekspert bildirir ki, ABŞ hara, siz hara, niyə belə edirsiniz? Məsələnin məğzi başqadır. ABŞ ermənipərəst konqresmenlərin bəyanatları vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışdı, yəni əsəb yoxlanışı keçirdi. Bilmək istədilər ki, Azərbaycana təzyiq etmək olurmu. Çünki bu praktika bir çox post-sovet məkanı dövlətində özünü doğrultmuş və ABŞ bununla istəyinə çatmışdı.
Bundan sonra bəyanatlar verildi ki, bəs onlar ermənipərəstdirlər, erməni lobbisidir və sair. Belə deyil, onların hamısı bu və digər partiyaların üzvüdür. Yəni Respublikaçılar və Demokratların.
Respublikaçı ermənipərəst konqresmenlər məhz hakimiyyətə gəlmək üçün belə edirdilər, Demokratlar Partiyasının üzvləri isə hakimiyyətdə qalmaq üçün. Vaşinqton gördü ki, cəhdləri nəticə vermir, işə Dövlət Departamentini qoşdu.
Əvvəlcə Yuri Kim vasitəsilə Bakıya mesaj verdilər, amma nəticə hasil olmadı. Bundan sonra “ağır artilleriya” işə salındı – Ceyms Obrayn meydana çıxdı və Azərbaycana qarşı aşkar hədələr, ultimatumlar, barmaq silkələmələr, yol göstərmələr, hətta təhdidlər belə oldu. Bu da bir nəticə vermədi. Çünki ABŞ situasiyanı bilərəkdən absurd həddə çatdırmışdı.
- Absurdluq nədə idi?
- Azərbaycan rəsmilərinin ABŞ-a girişinə məhdudiyyətlər qoydular. Bu o deməkdir ki, xarici işlər naziri, iqtisadiyyat naziri, parlamentin spikeri və sair rəsmilər Vaşinqtona gedə bilməyəcəkdilər.
Daha sonra ABŞ bildirdi ki, transregional logistika və infrastruktur layihələrinə yalnız Amerika nəzarət etməlidir. Sonra bütün “qırmızı xətlər” keçildi və bildirildi ki, Azərbaycan niyə İranla əməkdaşlıq edir? Bu açıqlama İranla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı memorandumun imzalanmasını ehtiva edirdi. Bu isə ABŞ-ın özünü diplomatik tələyə salması idi.
Birincisi, ABŞ Azərbaycana məhdudiyyət qoyursa, Azərbaycan xarici işlər naziri Ermənistanla sülh danışıqlarını davam etdirmək üçün Vaşinqtona necə gedəcəkdi? Çünki ABŞ vasitəçi səylərini davam etdirəcəyini açıqlamışdı.
İkincisi, ABŞ Senatı və Nümayəndələr Palatasında Azərbaycana məhdudiyyətlərlə bağlı qətnamə nəyə əsasən qəbul edilmişdi? Bu, beynəlxalq hüququn normalarına daban-dabana zidd qərar idi.
Üçüncüsü, ABŞ Azərbaycana təzyiq etmək fikrinsə düşübsə, bu, birbaşa regionda Rusiya və İranın əl-qolunu açır. Yəni ABŞ Azərbaycana nə qədər təzyiqə cəhd göstərirsə, İran və Rusiyanın mövqeləri bir o qədər möhkəmlənir. Bu, bizdən asılı deyil, ABŞ-ın düşünülməmiş addımlarının nəticəsi idi. Məhz bu səbəbdən Fransa üstünlüyü ələ almaq üçün əvvəlcə Ermənistana müdafiə silahları verdi, ardınca isə hücum silahları.
Fransa yaranmış situasiyadan istifadə edərək bölgəyə Ermənistanın hamisi və onu Qərbə çəkəcək güc kimi girmək istədi. ABŞ onda son vasitəyə əl atdı, Nikol Paşinyandan tələb etdi ki, erkən parlament seçkiləri keçirilsin, Robert Köçəryan və Serj Sərkisyanın “Ermənistan” və “Şərəfim Var” fraksiyaları parlamentdən kənarlaşdırılsın.
Amma 2021-ci il seçkiləri ilə müqayisədə hazırda Ermənistanda Paşinyanın reytinqi aşağıdır. Sərkisyan və Köçəryanın fraksiyalarına gəlincə, onlar rusiyameyllidir. İndi Ermənistanda anti-Rusiya narrativləri çox güclüdür. Belə bir situasiyada Paşinyanın “Mülki Müqavilə” Partiyası parlamentdə 71 mandatın yerinə təxminən 92 mandat əldə edəcək və parlamentə nəzarəti tam ələ keçirəcək.
Amma ABŞ anladı ki, hazırki situasiya həm Ermənistanda, həm də Gürcüstanda erkən seçkilərə getmək onun şanslarını azaldır.
- ABŞ-ın məqsədi nədir?
- ABŞ regionda konfliktləri idarəetmə rıçaqlarına yiyələnməyə çalışır. Birincisi, Azərbaycandan keçən bütün beynəlxalq marşrutlara nəzarət etmək istəyir. İkincisi - ən təhlükəlisi, Bakı-Tiflis-Qars marşrutuna nəzarəti ələ almaq niyyəti güdür. Bunun üçün yaxın vaxtlarda Gürcüstanda situasiyanın gərginləşəcəyi qaçılmazdır. ABŞ konflik yaradan, sonra onu idarə edən obrazda tanınmaq istəyir.
Bu variant Azərbaycanda keçməyəcək və keçə də bilməz, keçə də bilmədi. Çünki Azərbaycan müstəqil xarici siyasət yürüdür. Bu o demək deyil ki, biz ABŞ-la siyasi, geosiyasi, iqtisadi və hərbi rəqabətə giririk. Belə deyil. Biz regiondakı yerimizi hansısa siyasətçilərin, hansısa dövlətin maraqları naminə qurban vermək niyyətində deyilik. Cənab prezident bunu açıq formada dedi. Bundan sonra ABŞ geri çəkildi, Braynın Bakıya səfəri ilə bağlı razılaşma əldə edildi.
Brayn Bakıdakı görüşlərin konstruktiv keçdiyini açıqladı. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller faktiki olaraq geri çəkildiklərini etiraf etdi. Miller bildirdi ki, Azərbaycanla əməkdaşlıq və tərəfdaşlığın zəiflədilməsi ABŞ-ın maraqlarına cavab vermir.
İndi ABŞ sülh müqaviləsinin mümkün qədər tez imzalanmasına çalışır. İstisna etmirəm ki, sülh müqaviləsi yaxın vaxtlarda imzalanacaq. Bölgədəki geosiyasi situasiya, İran və Rusiyanın regionda ABŞ tərəfindən qeyri-ixtiyari gücləndirilməsi, Ermənistan və Gürcüstandakı durum və Amerikada keçiriləcək seçki – bütün bunlar yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasını qaçılmaz edir.
İndi bu, bizdən çox ABŞ və Avropa Birliyinə lazımdır. Fransanı çıxıram, çünki o, Cənubi Qafqazda nə etdiyini bilmir. Həmişə olduğu kimi, yenə də ermənilərə bol vədlər veriblər, keçmiş illərdə də belə olub. Sonra Fransa verdiyi vədlərin heç birini yerinə yetirməyib. Bu səbəblərə görə ABŞ-Azərbaycan münasibətlərindəki ən gərgin dövr arxada qaldı. Bu, Azərbaycanın mövqeyindən asılı olan situasiyadır.
- Yəni sülh müqaviləsi ABŞ və ya Avropa Birliyinin vasitəçiliyi ilə imzalanacaq?
- Bizim üçün vasitəçinin kim olması qətiyyən önəmsizdir. İstəyir Şri-Lanka, istəyir Syerra-Leone, istəyir Fələstin Azadlıq Təşkilatı, Amerika olsun – kimin olmasının bizim üçün əhəmiyyəti yoxdur. Çünki proseslərin lideri bizik. Təklifləri biz veririk. Qalib bizik.
İndi məğlub olmuş, işğalçı və bunlara baxmayaraq, revanşizm duyğuları yaradan ölkə ilə bizi bir tutmaq mümkün deyil. Ona görə də, əgər istəyirsə, vasitəçi Farer Adaları olsun. Bu, bizim üçün önəmsiz mövzudur.
- Avropa Birliyi ilə münasibətlər necə olacaq? Birliyin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelin son açıqlamaları əlaqələri bir az da gərginləşdirdi.
- Borrel nəinki qeyri-ciddi siyasətçi, həm də qeyri-ciddi adamdır. O, yuxusunda gördüklərini və xam xəyallarını sonra dilinə gətirir.
Borrel deyir ki, Qarabağdan 150 min erməni gedib. Ermənilər isə 100 min deyir, halbuki 30-40 mindir. Yaxşı, ermənilər 100 min deyirsə, Borrel 50 min ermənini haradan çıxardı? İndi Borrel buyurub o 50 minin izahını versin. Bəlkə yolda balalayıblar? Mən bilmirəm.
Azərbaycandan Ermənistana gedənədək 50 min erməni necə doğuldu? Mənə də maraqlıdır. Bəlkə ermənilər 9 ayda 15 dəfə bala verirlər? Bu ayrı məsələdir. Bu da qalır demoqrafiya və ginekologiya mütəxəssisi olmağa çalışan Borrelin olmayan vicdanına.
Məsələ budur ki, Avropa Birliyi indiyədək sırf iqtisadi ittifaq olub. Yarandıqdan 5-6 il sonra prinsipləri ciddi erroziyaya uğradı. Borrel, Şarl Mişel və birliyin digər liderləri Avropa Birliyini geosiyasi quruma çevirməyə çalışırlar. Borrel və digərləri bu mövqelərində qalmağa davam edəcəklərsə, Avropa Birliyi bizim üçün sadəcə iqtisadi tərəfdaş olaraq qalacaq.
Zatən, biz Avropa Birliyinin üzvü olmağa can atmırıq. Biz yaxşı bilirik ki, Avropa Birliyi bol vədlər verəcək, amma bizi qəbul etməyəcək. Biz hər şeyi öz adıyla çağırırıq, çünki biz türkük. Əhalimizin əksəriyyəti türkdür, burada başqa xalqlar da yaşayırlar, onlar bizim qardaşlarımızdır, əksəriyyət baxımından türkük və müsəlmanıq.
Ona görə də, Avropa Birliyinin qapısı bizə bağlıdır. Biz də bağlı qapını döyərək, özümüzü hörmətdən salmaq niyyətində deyilik.
- Rusiya indiki halda haradadır? Kremlin yenidən aktiv formada oyuna qayıtmaq imkanları nə qədərdir? Xüsusən səyləri Ermənistan tərəfindən bloklanarkən.
- Rusiya öz yerindədir, heç yerə getməyib. Rusiya Cənubi Qafqazdan çıxan deyil. Əgər düşünürsənizsə ki, Rusiya Cənubi Qafqazı öz xoşuyla tərk edir, yanılırsınız. Rusiya indiki situasiyadan maksimum istifadə etməyə çalışacaq, amma o da anlamalıdır ki, ABŞ-ın təzyiqlərini qəbul etmədiyimiz kimi, Moskvanın şirin vədlərinə də inanmırıq.
Biz Rusiyanın bölgədəki maraqlarının nələrdən ibarət olduğunu yaxşı bilirik. Rusiya bizi aldatmağa çalışmasın. Eləcə də İran...
Biz Rusiya və İranla normal qonşuluq əlaqələrində maraqlıyıq. İstəmirik ki, münasibətlərimiz gərgin olsun. Amma bu o demək deyil ki, bizim siyasi gündəliyimizi Rusiya müəyyənləşdirməlidir. Biz Rusiya ilə belə bir anlaşma imzalamaq niyyətində deyilik və imzalamayacağıq da. Buna görə də, Rusiya ilə münasibətlər tərəfdaşlıq müstəvisində qalacaq və belə də davam edəcək.