7 Dekabr 2023 23:12
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Dünya müharibəsi başa çatınca dünyanın yeni xəritəsini cızacaq Paris Sülh Konfransı yaxınlaşırdı. Öz müstəqilliyini hər vasitə ilə qorumağa çalışan Azərbaycan Cümhuriyyəti də orada bütün xalqın adından danışa biləcək bir siyasi qurumla təmsil olunmaq istəyirdi. Belə tam səlahiyyətli qurum isə Müəssislər Məclisi ola bilərdi.

Doğrudur, Azərbaycan hökuməti 14 sentyabr 1918-ci ildə Müəssislər Məclisinə seçkilər üzrə, 21 oktyabrda isə həmin quruma seçkilər haqqında qanunu hazırlayacaq iki komissiya yaratmışdısa da, onlar mövcud durumda bir iş görə bilməmişdi. Paris isə, təbii ki, Azərbaycanın nə zaman seçkilər keçirməsini gözləməyəcəkdi. Belə bir durumda Azərbaycan üçün ciddi təhlükələr yarana bilərdi, çünki, məsələn, Versal Bakı valiliyinin Azərbaycanın tərkibindən çıxarılıb Rusiyaya verilməsi və b. faciəli qərarlar qəbul edə bilərdi.

Baş nazir Fətəli xan Xoyski Milli Şuraya müraciət etdi ki, Müəssislər Məclisini çağırmaq üçün hazırlıq işinə hökumətin vaxtı çatmadığından, onun vəzifəsini Milli Şura öz üzərinə götürsün. Milli Şura bu təkliflə razılaşdı. Şuranın Məhəmmədəmin Rəsulzadənin sədrliyi altında 19 noyabrda keçirilən iclasında məsələ geniş müzakirə edildi. Elə həmin gün Milli Şura Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) yaradılması haqqında qanun qəbul etdi. Orada göstərildi ki, Zaqafqaziya Seymindəki Müsəlman fraksiyası Rusiya Müəssislər Məclisinə 1917-ci ildə ümumi səsvermə ilə seçilmiş 14 müsəlman deputatın üzərinə partiya nümayəndələrinin artırılması hesabına genişləndirilərək 44 nəfərdən ibarət olmuşdu. Həmin 44 nümayəndə may ayında özünü Azərbaycan Milli Şurası elan edərək yeni yaradılan Azərbaycan dövlətinin idarəsini öz öhdəsinə götürüb. Ancaq Azərbaycan yalnız türklərlə, müsəlmanlarla məskunlaşmayıb, buna görə də Milli Şura torpağımızda yaşayan bütün millətləri təmsil etməlidir, halbuki 44 nəfər bütün əhalinin təmsilçisi deyil.

Qanunda göstərildi ki, 120 nəfərdən ibarət olacaq Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına (Parlamentinə) hər 24 min nəfərdən bir məbus (deputat) hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 məbus seçəcək, azlıqda qalan millətlərin də nümayəndələri olacaq. Milli Şuranın 44 müsəlman üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün Məclisi-Məbusana birbaşa üzv sayılacaq, qalan 36 yerə isə əlavə şəxslər seçiləcək. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdi.

29 noyabr 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadənin yayınladığı “Bütün Azərbaycan əhalisinə” müraciətnaməsində oxuyuruq: “Bu ayın 19-da qəbul elədiyi qanunnaməyə görə, Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlaman) halına gələcəkdir. Bu Məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan iləridə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini mühafizə edəcəkdir...”

Lakin Parlament 3 dekabrda toplanmadı. Bunun səbəbi M. Rəsulzadənin imzaladığı sənəddə belə izah edilib: “Azərbaycan Parlamanının 3 dekabra təyin edilmiş açılışı həmin gün Məhəmməd peyğəmbərin vəfatı gününə düşdüyünə görə 7 dekabra keçirilir”. “Azərbaycan” qəzetinin 3 dekabr 1918-ci il tarixli sayında da bu barədə yazılıb: “Kanuni-əvvəlin (dekabr) üçüncü gününə təyin edilmiş Azərbaycan Məclisi-Məbusan iclası vəfati-fəxri-kainat həzrəti-Peyğəmbəriyǝ (s. ǝ.) təsadüf etdiyindən kanuni-əvvəlin 7- ci gününə təviq [təxir] edilir. Şurayi-Milli rəisi Məhəmməd Əmin Rəsulzadə”.

Beləliklə, 7 dekabr 1918-ci ildə gündüz saat 1-də H.Z.Tağıyevin Nikolay küçəsində yerləşən keçmiş qız məktəbinin (indiki AMEA Əlyazmalar İnstitutunun) binasında müsəlman Şərqində ilk demokratik parlamentin açılışı oldu. Məclisi-Məbusanın açılışını edən Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə geniş təbrik nitqi ilə çıxış etdi. O, millət vəkillərinə bunları dedi: “... Əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kibi vətən və millət qayəsi qarşısında səqət qalan qərəzlər atılmalı, Vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.

Məclisi-Məbusanın bu ilk iclasında Əlimərdan bəy Topçubaşov onun sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. (Əlimərdan bəy öncə İstanbulda, sonra isə Parisdə Azərbaycan təmsilçisi olduğu üçün Parlamentə gerçək sədrlik Həsən bəyin üzərinə düşdü).

Az sonra Məclisi-Məbusanın 3 nəfərlik katibliyi də seçildi.

Qeyd etmək gərəkdir ki, Məclisi-Məbusan haqqında qanunda ermənilərə 21, ruslara 10 deputat yeri ayrıldığına baxmayaraq, onlar Məclisin ilk iclaslarına qatılmadılar. Bakı Rus Milli Şurası burada iştirakı “Vahid və bölünməz Rusiya” ideyasına xəyanət, Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması kimi dəyərləndirirdi. Ancaq Bakıdakı Rus-Slavyan Cəmiyyəti öz nümayəndələrini Məclisə götürmək xahişi ilə Milli Şura sədri M.Rəsulzadəyə müraciət etdikdən və onlara 5 yer ayrıldıqdan sonra Rus Milli Şurası da 1919-cu ilin yanvarında Məclisə qatılmaq istədiyini bildirdi.

Azərbaycan Parlamentində iştirak etməməklə onun fəaliyyətini pozacaqlarını güman edən Erməni Milli Komitəsi və “Daşnaksütyun” partiyası da Məclisə iki ay nümayəndə göndərmədi. Parlamentin onlarsız da normal işlədiyini görüncə ermənilər Məclisə qatılmağa qərar verdilər və burada iki fraksiya yaratdılar.

Beləliklə, artıq 1919-cu ilin sonlarına yaxın Məclisi-Məbusanda 11 müxtəlif partiya fraksiyası və qrupun təmsilçisi olan 96 deputat vardı.

Fəaliyyətinin sonunadək müxtəlif əvəzlənmələrlə Məclisi-Məbusanın 100 müsəlman və 28 qeyri-müsəlman olmaqla 128 deputatı olub.

Bu tarixi hadisənin şahidlərindən, açılan parlamentin stenoqraflarından olan Mirzəbala Məhəmmədzadə 1952-ci ildə “Azerbaycan” jurnalında “Azərbaycan Parlamenti” adlı məqalə yazıb, həmin dövrdəki siyasi ortamı təqdim edib.
Azərbaycan Parlamentinin 105 yaşı münasibətilə həmin məqaləni təqdim edirik:

*
Mirzəbala Məhəmmədzadə
Azərbaycan Parlamenti

Azərbaycanın istiqlalını elan edən və birinci Fətəli xan hökumətini quran Milli Şura 17 iyun 1918-ci ildə Gəncədə ikinci Fətəli xan hökumətini təşkil etdikdən sonra özünü ləğv etməyə məcbur oldu və hökumətdən ən yaxın zamanda Qurucular Məclisinin çağırılmasını tələb etdi. Fəqət 15 sentyabra qədər davam edən şanlı və müzəffər istiqlal savaşı aylarında belə bir məclisin çağırılması mümkün olmamışdı. Böyük milli zəfərdən ay yarım sonra – 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsini imzalayan Osmanlı dövləti Azərbaycanı təxliyyəyə başlamış və 17 noyabr 1918-ci ilin səhəri ingilis bandralı ilə çar Rusiyasının milli bayrağını hamil filo Ənzəlidən Bakı limanına yaxınlaşmaqda idi. Qalib dövlətlər adına gələn ingilis işğal qüvvətləri ilə birgə iki ay əvvəl Bakıdan qovulmuş Biçeraxovun rus qüvvətləri də xalqın göz yaşları arasında paytaxtımıza dönmüşdü. Gələn işğal qüvvətlərinin təyyarələrdən atdıqları və xalqın təəssürünü daha ziyadə artıran bəyannamədə “Qalib etilaf ordusunun məmləkətə dönmədən əvvəl ortaq zəfərə bu qədər xidməti dəyən qəhrəman rus millətinə borc şükran etmək vəzifəsi və bu vəzifənin ifası üçün Rusiyadan qoparılmış Qafqazın düşməndən təxliyyəsi məqsədi ilə Ufada təşəkkül edən rus hökuməti ilə anlaşaraq buraya gəlindiyi” yazılırdı.

Biçeraxovun Bakının “Ana vətən Rusiya”ya ilhaqı ilə Bakıdakı rusları təbrik edən bəyannamələri paylanılırdı. Bakıda rus siyasi partiyaları tərəfindən dəvət edilən “Demokratik müşavirə” bu gün visbadençilərin etdikləri kimi Azərbaycan hökumətini istiqlal fikrindən vaz keçirməyə dəvət edirdi. Türk olmayan ünsürlər ayaqlanmış, 15 sentyabrın intiqamını almaq üçün hadisələr ixdasına və təhdidlər sovurmağa başlamışdılar.

Belə böhranlı bir zamanda milli hakimiyyəti təmsil edən Milli Şuranın ləğvə məcbur edilməsindəki xəta apaçıq özünü hiss etdirməyə başlamışdı. Hökumət millətin iradəsini təmsil edən bir istinadgahdan məhrum idi. Bütün səlahiyyət və qüvvətini Milli Şuradan alan hökumət milli hakimiyyət qüvvətinin yenidən toplanmasını istədi. Milli Şura rəisi Məhəmmədəmin bəyin bu münasibətlə hökumət rəisindən aldığı bir məktub üzərinə o günlərdəki qəzetlərdə Milli Şuranı toplanmağa dəvət edən bir elanı oxundu. Bakı bələdiyyəsinin ictima salonunda toplanan Milli Şura məhəlli xalq müəssisələri müməssillərini və əqəliyyət məbuslarını (azlıqların deputatlarını) da içinə alacaq bir parlamentin dəvətinə qərar verdi. Milli Şuranın müraciətinə bir qisim ruslar xaric olmaq üzərə bütün əqəliyyət millətlər müsbət cavab verdilər. Bunun nəticəsində 7 dekabr 1918-ci ildə Bakıda vaxtilə Hacı Zeynəlabidin tərəfindən inşa edilmiş türk qız liseyinin binasında Azərbaycan Parlamenti (Məbuslar Məclisi) açıldı. Parlamentin ilk iclasını açan Milli Şura rəisi Məhəmmədəmin bəy Rəsulzadə millətin istiqlal yolundakı sarsılmaz əzm və iradəsinə tərcüman olan tarixi nitqində Azərbaycan istiqlalının millətin vicdanından doğulduğunu və Azərbaycan türkünün bu istiqlal yolundan qətiyyən ayrılmayacağını davamlı və həyəcanlı alqışlar arasında təbarüz etdirmiş və sözlərini üçrəngli milli bayrağa xitabən belə bitirmişdi: “Bir kərə yüksələn bayraq bir daha enməz!”

Parlamenti təşkil edən bütün məbuslar istiqlala olan sədaqətlərini təcdid və təyit etmişlərdi. Küçələri dolduran xalq parlamentin açılışını təsid edir və Rəsulzadənin son cümləsi təkrarlanırdı. Bu təzahürat Azərbaycan istiqlalının millətin iradəsindən doğulmadığını iddia edən ruslara bir cavab təşkil etmiş və işğal qüvvətləri üzərində qüvvətlə müəssir olmuşdu.
Fətəli xan kabineti istefa etmiş və hökumətin təşkili parlament tərəfindən yenə ona verilmişdi. Fətəli xanın qurduğu bu üçüncü hökumət bütün partiyaları və əqəliyyətləri ehtiva edən bir koalisiya kabineti idi.

Hökumətin təşkilindən on gün sonra – 18 dekabr 1918-ci ildə işğal qüvvətləri komandanı general Tomson millətin ümidlərini təqviyyə edən tarixi bir bəyannamə nəşr etdi. General bu bəyannaməsində “Fətəli xanın rəisliyi altında koalisiyalı Azərbaycan hökuməti təşəkkül etdiyindən müttəfiq komandanlığının Azərbaycan daxilində yeganə məşru hökumət olmaq üzərə bu hökuməti tanıyacağını və ona tam dəstək olacağını” ümuma elan edirdi.

Millətin sevinci sonsuzdu. Rus və erməni qüvvətlərinin Azərbaycanı tərk etmələri xüsusundakı əmrin tətbiqi isə bu sevinci bir qat daha dərinləşdirmişdi. Dörd ay sonra – 1919-cu ilin aprelində Gəncədə təşkil olunan milli ordu qitələrinin Bakıya girməsi 15 sentyabr zəfərinin xatirələrini canlandırmışdı. O gün milli hakimiyyətin müqəddəs timsalı olan şanlı bayrağımız ilə bir gəlin kimi bəzənən Bakı parlamenti təvaf edən insan dəryasının böyük nümayişinə şahid olmuşdu.

Milli Şura istiqlal elan etmək surətiylə milli tariximizin yeni və məsud bir dövrünü açmışdı. Qəhrəman Anadolu məhmədcikləri ilə azəri məmişlərinin mübarək qanları sayəsində zəfərlə nəticələnən istiqlal savaşı istiqlalı gerçəkləşdirmişdi. Azərbaycan Parlamenti isə bütün bu zəfərləri müqəddəs bir əmanət kimi mühafizəyə əzm etmiş və müvəffəq olmuşdu.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər