12 Dekabr 2023 16:48
3 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasının gələn il Azərbaycanda keçiriləcəyinə dair xəbər çox sevindirici oldu. Ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda bir sıra dünya dövlətlərinin Azərbaycana etimad göstərərək belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini dəstəkləməsini diplomatik uğur hesab etmək olar. Həmçinin GUAM-a sədrliyin Azərbaycana keçməsi barədə Brüsseldə qəbul edilən qərar növəbti uğurdur. Hər iki hadisə göstərir ki, 2023-cü ildə Azərbaycanın beynəlxalq müstəvidə yürütdüyü siyasət, sərgilədiyi fəaliyyət çox məhsuldar olub.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən qeyri-rəsmi görüşündə qəbul edilən qərar Azərbaycana verilən dəstəyin, göstərilən etimadın bariz nümunəsidir: “Hesab edirəm ki, həm BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının növbəti sammitinin Azərbaycanda keçirilməsi, həm də GUAM-a sədrlik ölkəmizə imkan verəcək ki, öz həqiqətlərini, baxışlarını, mesajlarını dünyaya çatdırsın. Maraqlı məqam odur ki, Bakının COP29 evsahibliyi etməsinə dair təşəbbüs Şərqi Avropa ölkələri tərəfindən irəli sürülüb. Eyni zaman da Ermənistan bu məsələdə öz namizədliyini Azərbaycanın xeyrinə geri götürüb. Ermənistan da başa düşür ki, dünya 3-4 ölkədən ibarət deyil. Azərbaycanın hətta Avropada kifayət qədər dəstəkçiləri var.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (­UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir. 195 ölkə, o cümlədən, Azərbaycan bu razılaşmaya qoşulub. Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyi etməyə hazır olduğunu, eyni zamanda, bunun sülh istiqamətində növbəti mühüm addım ola biləcəyini vurğuladı. Bildirdi ki, Azərbaycan COP29-un uğurunu təmin etmək üçün hər kəslə əməkdaşlıq çərçivəsində inklüziv işləyəcəyik”.

Politoloq qeyd edib ki, qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi ölkəmizin payına düşür:

“Hədəfimiz 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyaları 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır. Buna bariz nümunə kimi azad edilmiş ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa işlərini göstərmək olar. Söhbət ekoloji texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanan layihələrin icrasından gedir. “Yaşıl enerji” zonası, təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar, minlərlə hektar sahədə meşələrin bərpası buna misaldır”.

GUAM-a sədrliyin Azərbaycana keçməsinin siyasi əhəmiyyətinə gəlincə politoloq vurğulayıb ki, ölkəmizin beynəlxalq təşkilatlara uğurlu sədrlik təcrübəsi vardır:

“Dünyada, xüsusilə də, GUAM regionunda təhlükəsizlik problemləri var. Azərbaycan bu problemlərin, münaqişələrin mürəkkəbliyinin fərqindədir. Xüsusilə də, Ukrayna ətrafında cərəyan edən proseslər ölkələrdən ortaya aydın mövqe qoymasını tələb edir. Bununla bağlı ölkəmizin mövqeyi birmənalıdır. Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə dəstəkləyirik. Ölkəmiz Ukraynaya dəfələrlə humanitar yardımlar edib. Prinsipcə, rəsmi Kiyev Azərbaycanın tutduğu mövqedən razılığını ifadə edib və dəfələrlə edilən humanitar yardımlar fonunda rəsmi şəkildə minnətdarlıq məktubları ünvanlayıblar. Məhz Ukrayna, Gürcüstan, Moldovadakı problemlərlə bağlı tutduğu ədalətli və cəsarətli mövqeyinə görə Azərbaycana beynəlxlalq müstəvidə hörmət, etimad göstərilir. GUAM çərçivəsində təkcə təhlükəsizlik deyil, iqtisadi, ticarət, nəqliyyat, humanitar, turizm və s sahələrdə əməkdaşlığın gücləndirilməsinə ehtiyac vardır. Azərbaycan sədrlik müddətində GUAM Nəqliyyat Dəhlizi layihəsini inkişaf etdirərək onu Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevirməyi hədəfləyir. Azərbaycanın bu cür beynəlxalq səviyyəli, qlobal layihələri icra etmək üçün həm imkanları, həm də təcrübəsi vardır. 2023-cü ildə Azərbaycana qarşı bəzi qüvvələrin çirkin kampaniya aparmalarına baxmayaraq, dövlətimizin diplomatik məharəti nəticəsində stiuasiyadan qalib çıxdıq və təzyiqləri dəf edərək növbəti qələbələrə imza atdıq. Düşünürəm ki, Azərbaycan bu ilə həm də 2024-cü il üçün xarici siyasi, diplomatik uğurların təməlini qoymuş oldu”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər