Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma fonunda kənar yanaşmalar, xüsusi ilə Qərbdən olan fikirlərdə müəyyən korrektələr eşidilməkdədir. Prezident İlham Əliyevin siyasəti buna diqqətlə yanaşmaq, onu nəzərə almaq, qəbul etmək məcburiyyəti yaradır. Çünki bu siyasət Azərbaycanın milli maraqlarına xidmət etdiyi halda beynəlxalq qanuna və davranış normalarına tam uyğundur.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
“Bu siyasətə hansısa formada yox demək, onu inkar etmək, kənara qoymaq çətin və müşkül məsələdir. Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşmalar onu göstərir ki, bu siyasət qalib gəlir. Ermənistanın isə cəhdləri, Azərbaycanı beynəlxalq səviyyədə başqa tərzdə təqdim edərək, özünü təşəbbüslərin sahibi kimi göstərmək istəyinin heç biri nəzərə alınmadı” - deyə o qeyd edib.
Millət vəkili hesab edir ki, Qarabağ məsələsində Qərb həqiqətləri, regionda yaranmış yeni reallığı başa düşür və qəbul etməyə başlayıb:
“Qərbdə ölkəmizə qarşı işləyən erməni lobbisi də bu reallığı görür. Ona görə də, indi hədəflərini bir qədər dəyişəcəklər. Qarabağ məsələsi aydındır. Dünya Azərbaycanın haqlı olduğunu dərk edir. Belə olan halda erməni diasporu Qarabağla bağlı deyil, “demokratiya”, “insan haqqları”, “qanunun aliliyi” istiqamətində yönəlməyə başlayacaq”.
Səməd Seyidova görə, bu istiqamətdə beynəlxalq təşkilatlarda hansısa əlamətləri görmək mümkün ola bilər:
“Çünki erməni lobbisi sakitləşməyib. Sadəcə onlar Azərbaycanın Qarabağ siyasətini qəbul etməyə məhkumdur. Amma Azərbaycanı, inkişafını qəbul etməyə hazır deyillər. Əvvəllər bu hədəf Qarabağ idi. Bu məsələ bitib, danışıqlar prosesi gedir. Dünya bundan xəbərdardır. Beləliklə, erməni lobbisi yeni hiylələrlə Azərbaycana problemlər yaratmaq istəyəcək”.