16 Dekabr 2023 13:13
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP sədri, Millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az-a müsahibə verib.

Teleqraf.com həmin müsahibəni təqdim edir:

- Xoş gəlmisiniz, Qüdrət bəy. Səfəriniz necə keçdi?

- Moskvada MDB ölkələri parlamentləri arasında əməkdaşlıqda siyasi partiyaların rolu mövzusunda 4- cü konfrans keçirilirdi. Bu dəfə YAP və BAXCP Azərbaycan parlamentini təmsil edirdi. Biz MDB ölkələri, Türkiyə və İranla təhlükəsizliyimizi təmin edəcək və inkişafımıza yol açacaq daha sıx əməkdaşlığa can atmalı, sərhədləri açmalı, rəqabətdən çəkinməməli, özümüzə güvənməliyik. Müstəqilliyimizə ən böyük təhlükə özünütəcriddir. Azərbaycan inkişaf etmiş xalqlarla bir arada irəli gedə bilər. BMT-nin “insan inkişafı indeksinə” görə (bu, özünömürlülüyə, təhsilin səviyyəsinə və adambaşına düşən ÜDM-in həcminə görə müəyyən olunur) biz Avropada 44 ölkə arasında sonuncu, dünyada 189 ölkə arasına Türkmənistanla birlikdə 91-ci yeri bölüşürük.

- Necə düşünürsünüz, iqtidar niyə növbədənkənar prezident seçkilərinə getməsinin səbəbi nədir?

- Hakimiyyət fərqindədir ki, ölkədə ciddi islahatlara ehtiyac var. Heç bir iqtidar seçkiyə bir il qalmış ciddi islahatlara getmir. Növbədənkənar seçki elan etməklə rəqibləri hazırlıqsız yaxalamaq tezisi siyasi partiyalar üçün yox, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməyən xarici güclər üçün keçərlidir. İqtidarın borcudur ki, ölkədə sabitliyi və təhlükəsizliyi qorusun. Son qərarlar daha çox kənardan planlaşdırılan təhlükələri önləmək üçündür. Müxalifət partiyaları seçkilərə həmişə hazır olmalıdır. Seçkini baykot edənlər geosiyasətdən başa çıxarmayan, rəqibi və xalqımızın imkanlarını düzgün qiymətləndirə bilməyən, rəqibi təhqir edib aşağılamaqla ona qalib gəlmək istəyən Qərbin “pet”ləridir.

- Çoxları deyir ki, torpaqlarımızı işğaldan azad edəndən sonra Prezidentin nüfuzu pik nöqtədədirsə, belə şəraitdə seçkilərə qatılmağın mənası nədər?

- Onların məntiqi ilə gərək Azərbaycan heç vaxt futbol üzrə dünya çempionatının seçmə oyunlarına qatılmasın, çünki qalib gəlmək ehtimalı sıfıra yaxındır. İlham Əliyevin liderliyi ilə Azərbaycan müstəqillik illərinin ən şanlı səhifəsini yazıb. Buna görə kimin nə deməsindən asılı olmayaraq, onun adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Amma Azərbaycanın üzləşdiyi çox böyük problemlər var. Onlardan ən böyüyü neft pulları hesabına abadlıq işləri görsək də, yollar çəkib infrastruktur layihələri həyata keçirsək də, məktəblər, səhiyyə obyektləri tikib bahalı idman yarışları, dəyəri 100 milyon dolllarla ölçülən inzibati binalar tiksək də, güclü, şaxələndirilmiş, neftdən asılı olmayan, hökumətin nəzarət etmədiyi azad bazar iqtisadiyyatı, demokratik,qanunların aliliyinə əsaslanan dövlət idarəetməsi qura bilməmişik. İllər keçsə də bu problemlərin çoxu ona görə həllinin tapmır ki, ölkədə hökumətin fəaliyyətinə nəzarət edə biləcək güclü müxalifət yoxdur. Biz Avropa və MDB məkanında tək ölkəyik ki, parlamentdə müxalifət fraksiyası, büdcəyə nəzarət komitəsi yoxdur. Müxalifət seçkiyə qatılmaqla qələbə uğrunda mübarizə aparmalı, səfərbər olunmalı, seçki kampaniyasının imkanlarından yararlanıb öz ideyalarını yaymalı, problemləri göstərib onun həllinə dair öz təkliflərini təqdim etməli, ən azı növbəti parlament seçkilərinə hazırlaşmalıdır. Siyasi partiya, şəraiti özü üçün nə qədər əlverişsiz saysa da seçkiyə qatılmalıdır. Siyasət, mənim anlamımda mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir. Digər tərəfdən, seçkidə iştirak o demək deyil ki, sən seçkiyə hökmən öz namizədinlə qatılmalısan.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər