17 Dekabr 2023 19:26
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü. Bu qərar YAP üzvlərinin yekdil qərarı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının sevgisini, inamını və etimadını özündə əks etdirən bir qərar kimi qiymətləndirilməlidir. Xüsusilə qeyd etməliyik ki, növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisini əhatə edəcək. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bütöv və suveren Azərbaycanda ilk dəfə prezident seçkiləri keçiriləcək. Bu olduqca qürurverici və əlamətdar hadisədir. Əlbəttə, xalqımızın yaşadığı bu qürurun memarı cənab Prezident İlham Əliyevdir. O, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirmişdir. Şübhəsiz ki, Azərbaycan Heydər Əliyev ideyalarının işığında İlham Əliyevin Liderliyi və rəhərliyi ilə aydınlıq və daha böyük bir gələcəyə doğru əmin addımlarla irəliləyir. Növbədənkənar prezident seçkiləri haqqında Sərəncamın verilməsi də ölkəmizi böyük gələcəyə aparan yolda növbəti uğurlu addımdır. Xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın möhtəşəm gələcəyinə dəstək verəcək. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sayı artır. Növbəti ünvan Xankəndidir. Daha bir qürurverici məqamı da xüsusi qeyd etmək lazımdır ki, Xankəndidə də yeni seçki məntəqəsi yaradılacaq. Mərkəzi Seçki Komissiyasının iclasında hər birimiz üçün maraqlı və bir o qədər də qürurverici olan bu rəqəm də açıqlandı. Azad edilən ərazilərimizi əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında aparıcı rola malikdir. Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur. Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın bütöv vəmüstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı bilavasitə liderlik amili ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan təcrübəsiz, səriştəsiz, antimilli qrupların milli maraqlara zidd fəaliyyəti nəticəsində xaos və anarxiya meydanına çevrilən Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ona görə də Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir. Heydər Əliyev siyasətinin davamçısı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində isə müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edib, öz adını tarixə XXI əsrin ən uğurlu dövlətlərindən biri kimi yazıb.

Xüsusilə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndində, Xocalıda, eləcə də ölkəmizin bütün şəhər və kəndlərində qürurla dalğalanır. Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarını işğaldan azad edib bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətində ölkəmizin qazandığı uğurlara v qarşıda dayanan hədəflərə diqqət çəkən millət vəkili Tamam Cəfərova qeyd edib ki, bu şərəfli, tarixi cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Şübhəsiz ki, qarşıda Azərbaycanı daha böyük hədəflər gözləyir. Cənab prezidentin qoyduğu böyük hədəflər ilk növbədə Şərqi Zəngəzurun və Qarabağın bərpa olunması, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması, Ermənistanla sülh müqaviləsinin imzalanması, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtma imkanlarının əldə olunması, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın dünyanın ticarət loqistika mərkəzlərindən birinə çevrilməsidir. İnanırıq ki, növbəti 7 ildə sadaladığımız məqsədlərin hamısına çatacağıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər