“Siyasi partiyaların əsas vəzifə və məqsədlərindən biri seçki prosesinə qatılmaq, öz siyasi platformalarını açıqlamaq, təbliğ etməkdir. Dünyanın bütün ölkələrində siyasi partiyalar məhz seçkilərdə iştirak edərək qələbə qazanmaq üçün səylər göstərirlər. Azərbaycanda isə bəzi siyasi partiyalar yeni “mübarizə üsulu” kəşf ediblər - seçkilərdə iştirak etməmək. Sual olunur, sən seçki prosesində iştirakdan imtina edirsənsə, nə üçün mövcudsan? Məqsədin, hədəfin nədir? Seçkiləri boykot etmək, mahiyyət etibarı ilə siyasətlə məşğul olmaqdan imtina deməkdir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bəzi siyasi partiyaların 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtina qərarlarına münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, seçkilərdə iştirakdan imtina edən AXCP və Müsavat Partiyasının “ölkədə demokratik seçki mühiti yoxdur” iddiaları manipulyasiyadan başqa bir şey deyil:
“5 min üzv tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən siyasi partiyaların “azad və ədalətli seçki mühiti” davası aparmaları gülünc görünür. Siyasi Partiyalar Haqqında qanuna əsasən hər bir siyasi partiya 5 min imza toplamaqla partiyalarını yenidən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçriməli idilər. Amma nə baş verdi? Bəzi partiyaların təqdim etdiyi siyahılardakı imzalar saxta çıxdı. Bəzi imzaların “sahibləri” dünyasını dəyişmişdilər. Partiyanın qərargahlarında, evlərdə doldurulan siyahılarla yenidən qeydiyyatdan keçmək istəyirdilər. Aydındır ki, onların sadəcə sosial bazaları, imkanları məhdud olduğu üçün seçkilərdə iştirak etməmək barədə qərar veriblər. Boykotçuların seçki məntəqələrinə müşahidəçi təyin etmək üçün adamları belə yoxdur. Onlar əvvəlki seçkilərdə də iştirakdan imtina etmişdilər. Özləri seçkilərə getmirlər, amma seçkidə iştirak edənləri “satqın”, “qorxaq” adlandırırlar. Hətta iştirak etmədikləri seçkilərin nəticələrinə qiymət belə verməyi unutmurlar”.
Alıyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, bu il sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam təmin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin reytinqini daha da yüksəltdi:
“Azərbaycanda bütün müxalifət partiyaları birləşib vahid namizədlə çıxış etsələr belə, bu seçkilərin nəticəsinə təsir göstərə bilməz. Ucuz demaqogiya ilə seçki prosesinin şəffaflığına kölgə salmaq istəyirlər. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak partiyanın ali məqsədi olmalıdr. Seçkilərdə iştirakdan imtina öz tərəfdaşlarını dinləməmək, heçə saymaq deməkdir. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmətdən uzaq düşən radikalların kimlərin havasına qol qaldırdıqlarını, kimlərin əmri ilə oturub-durduqlarını yaxşı bilirik. Onların anti-Azərbaycan layihəsində yer alaraq çirkin kampaniyaya qoşulması yalnız təəssüf doğura bilər. Onlar beynəlxalq təşkilatlara Azərbaycandakı seçkiləri tənqid etmək üçün bəhanələr istehsal etməklə məşğuldurlar. Qərəzli yanaşmalar üçün müxtəlif səviyyələrdə informasiya bazası formalaşdırırlar. Seçkilərdə iştirakdan imtina nəticələrə heç bir təsir göstərməyəcək. Boykot müxalifəti daha da zəiflədəcək. Düşünürəm ki, növbədənkənar prezident seçkilərində iştirak edəcək hər bir siyasi partiya prosesdən faydalanacaq, ən azından təcrübə qazanacaqlar. Seçki prosesi xalqla daha yaxından olmaq, öz platformanı daha geniş auditoriyaya çatdırmaq baxımından unikal imkandır. Bu imkandan yararlanmaq lazımdır. Radikal müxalifətin seçkilərə münasibətindən asılı olmayaraq növbədənkənar prezident seçkilərinin nəticəsi xalqın iradəsini özündə əks etdirəcək”.