30 ilə yaxın Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda hansısa bir həlli mümkün olan variantlar müzakirə edilməli idi. 1994-cü ildən, yəni Bişkek protokolu imzalanandan bəri Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda erməni tərəfi yalnız Qarabağın “müstəqilliyi” məsələsini ortaya qoyurdu. Danışıqlarda vasitəçi olan keçmiş Minsk Qrupu da çox gözəl bilirdi ki, Azərbaycan bunu qəbul etməyəcək. Amma buna baxmayaraq ağılasığmaz təkliflər irəli sürürdülər.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O bildirib ki, Gah Pol Qoblun (ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri) təklifi ilə ərazi mübadiləsi, gah da “birgə dövlət” anlayışını irəli sürürdülər:
"Fakt o idi ki, substantiv danışıqlar getmirdi. 1999-cu ildə növbəti dəfə ərazi mübadiləsi məsələsi gündəmə gətirildi. Bunu Rusiya, Ermənistanla yanaşı Azərbaycan da istəmədi. Çünki hər iki tərəf bu həllin fəsadlarını görürdü”.
Politoloq hesab edir ki, Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi baş versə idi erməni tərəfi İranla sərhədlərini itirirdi:
“Bunun fonunda isə Azərbaycan qanuni olaraq Qarabağdan məhrum olurdu. Müharibədən sonra aparılan danışıqlar isə yeni gerçəkliklə bağlıdır. Əvvəlki danışıqlarda isə erməni tərəfi özünün absurd istəklərini irəli sürürdü. 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan yeni reallıq yaradıb. Ona görə də, Ermənistan bundan sonra normal yaşamaq üçün qonşularla dinc münasibətlər qurmalıdır”.
Zərdüşt Əlizadəyə görə, Ermənistandan indi tələb olunan odur ki, Qarabağın Azərbaycan torpağı olduğunu, sərhədlərini tanısın, Meğridən dəmir yolu xəttinin açılmasına razılıq versin:
“Əslində bunlar heç də alçaldıcı şərtlər deyil. Ermənistan indi düşdüyü ağır vəziyyətdən çıxmaq üçün bunlara əməl etməlidir. Odur ki, Azərbaycanla nəhayət sülh bağlayıb normal yaşamaq üçün imkanlar qazanmaq olar. İndi tərəflər bir çox hallarda vasitəçi olmadan da razılıq əldə edə bilir”.