Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, Qərbin və Rusiyanın Cənubi Qafqazda silahlı toqquşmaların bərpası ilə bağlı ortaq hərəkət edəcəyinə dair ehtimallar nə qədər güclüdür?
- Regionda hazırda Qərblə Rusiya arasında çox ciddi mübarizə gedir. Bu mübarizə özünü daha çox diplomatik müstəvidə göstərir. Rusiyanın və Qərbin Cənubi Qafqazda hərbi qarşıdurma səviyyəsinə çatması haqqında fikir söyləmək doğru olmaz. İndiki durumda Rusiya buna getməz. Çünki Rusiya Ukrayna cəbhəsində ilişib qalıb. Moskva bu cəbhədə qarşıya qoyduğu məqsədə nail ola bilmir. Beləliklə, ikinci cəbhənin açılması Rusiya üçün böyük zərbə olar. Bu hətta Rusiyanın çökdürülməsində ciddi rol oynaya bilər. Ona görə də, Qafqazda hazırda təsir uğrunda mübarizə gedir. Lakin bunun müharibəyə gətirib çıxaracağı ehtimalı azdır.
- Sizcə, hazırda Cənubi Qafqazda gərginliyin yaranmasında katalizator rolunda çıxış edən hansı tərəfdir?
- Bölgədə gərginliyin yaranmasında başlıca rol Ermənistana məxsusdur. Rəsmi İrəvan hiyləgər siyasət həyata keçirir. Ermənistana bir tərəfdən Rusiyaya qarşı demarşlar edir, onun ünvanına sərt fikirlər ifadə edilir. Nikol Paşinyan hakimiyyətinin ayrı-ayrı şəxsləri Rusiyaya qarşı sərt mövqe sərgiləyir. Bununla yanaşı İrəvan baş nazir səviyyəsində MDB-nin, KTMT-nin, Avrasiya İqtisadi Birliyinin iclaslarını boytok edir.
- İrəvan-Moskva arasındakı üzdə görünən gərginlik fonunda paradoks yaradan faktlar hansılardır?
- Fakt odur ki, Ermənistan Ukrayna müharibəsinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmur. Bununla İrəvan müxtəlif ölkələrdən yüksək texnoloji avadanlıqları alaraq Rusiyaya ötürür. Rusiya həmin avadanlıqlar vasitəsi ilə özünün hərbi sənayesini yenidən qurur. Görünən odur ki, Ermənistanla Rusiya arasında bu baxımdan anlaşmalar mövcudur.
- Belə çıxır ki, Moskvanı Ermənistana qarşı sərt ritorikaya əl atmaqdan çəkindirən başqa əlamətlər var?
- Ermənistanın kaprizlərinə, ən müxtəlif səviyyəli, yüksək epitetləri ifadə edən bəyanat və davranışlarına Rusiya olduqca təmkinli yanaşır. Bu da heç də təsadüfi hal deyil. Nəticə etibarı ilə Ermənistan heç bir halda Rusiyanın təsiri altından çıxa bilməyəcək. Bunun üçün Rusiya Ukrayna müharibəsinə bənzər Ermənistan məkanında Qərblə, xüsusi ilə ABŞ-la Rusiyanın qarşıdurması, hərbi toqquşması lazımdır. Amma Ermənistanın Ukrayna səviyyəsində qoşuna, orduya malik deyil ki, Rusiya ilə təkbaşına müharibə apara bilsin. Və ona Qərb, yaxud ABŞ kömək etsin. Əgər belə bir vəziyyət yaranarsa, artıq Ermənistan Qərbdən və yaxud ABŞ-dan hərbi qüvvə dəvət etməlidir ki, onun müstəqilliyi və Rusiyadan qopması üçün müharibəyə girişmiş olsun. Sözsüz ki, bu heç də inandırıcı yanaşma deyil.
- Ermənistanın belə olan halda Rusiyanın təsirindən xilası real görünmür...
- İrəvan o vaxt Moskvadan qopub ayrıla bilər ki, Rusiya Ukrayna müharibəsindən məğlub olaraq zəif duruma düşsün. Bunun fonunda Rusiyanın daha da zəifləməsi və parçalanması baş verər ki, Ermənistan da bundan faydalana bilər. Bunun ardınca Gümrüdəki rus hərbi bazası ləğv edilə, hava məkanı və sərhədlərini də Ermənistan özü qorumaqla bağlı addım atması mümkün olar. Ona görə də, ikiqütblü mübarizənin hələlik kimin xeyrinə bitəcəyini söyləmək çətindir. Görünən odur ki, Rusiya heç bir halda Ermənistanı Qərbin ağuşuna atmayacaq.
- 30 illik uğursuz danışıqlarla bağlı Paşinyanın açıqlamaları hansı məqamlara aydınlıq gətirmiş olur?
- Paşinyan ötən günlərdə vermiş olduğu açıqlamalar kifayət qədər rezonans doğurdu. Onun Qarabağ ətrafında 30 ilə yaxın müddətdə aparılmış danışıqlarla bağlı verdiyi açıqlamalar əslində məsələnin mahiyyətindən xəbər verirdi. Bütün bunlara baxmayaraq Azərbaycan diplomatiyası çox ciddi və intensiv işləyir. Ölkə Prezidentinin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun olaraq Ermənistanın və onun himayə edənlərin, xüsusi olaraq Fransanın, İranın təzyiq və təpkilərinə baxmayaraq sülh sazişinin bağlanması istiqamətində atılan addımlar ümidvericidir. İlin sonuna az müddətin qalmasına əsaslansaq bu qısa zamanda sülhün əldə oluncağını söyləmək çətindir. 2024-cü ilin fevralına qədər də sülhün əldə olunacağını ehtimal etmək olmur. Əsas diqqət Azərbaycanda keçiriləcək prezident seçkilərinə yönələcək. Cənab İlham Əliyev növbəti dəfə seçkidən qalib ayrıldıqdan sonra qarşıda duran məsələlərin həllinə nail olunacaq.