Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 il öncə Azərbaycan xalqına verdiyi bütün vədləri və qarşıya qoyduğu bütün vəzifələri uğurla icra etdi. Artıq Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük gələcəyə və yeni uğurlara doğru inamla irəliləyir. Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Prezident İlham Əliyevin 20 illik quruculuq fəaliyyətinin Zəfər zirvəsidir. 30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz, suverenliyimiz və tarixi ədalət bərpa edildi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində və antiterror əməliyyatlarında düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində şəhər və kəndlərimiz bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Bir günlük lokal antirerror tədbirləri nəticəsində müqəddəs üçrəngli bayrağımız Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda qürurla dalğalanır. Bu şərəfli tarix cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Ulu öndər Heydər Əliyevin adı Azərbaycanın dövlətçilik tarixinə müstəqil Azərbaycanın memarı kimi daxil olubsa, dahi şəxsiyyətin siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyevin adı isə Azərbaycanın dövlətçilik tarixinə Xilaskar Lider və bütöv Azərbaycanın memarı kimi qızıl hərflərlə yazıldı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, 44 günlük müharibə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, eləcə də Azərbaycan zabitinin, gizirinin, əsgərinin vətənpərvər və azadlıqsevər ruhunun gücünü göstərdi: “Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə bildirmişdir: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib”.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Həmçinin ölkəmizdə silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair beynəlxalq əməkdaşlıq əlaqələri dayanmadan artırılıb. Müharibədən sonra Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklərBir sıra ölkələrlə müqavilələr imzalanıb. Ordunu ən müasir silahlarla təchiz etmək üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik və siyasi səylər göstərilmişdir. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Azərbaycanda müdafiə sənayesi yaradıldıqdan sonra Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir. Bu mənada Prezident İlham Əliyev böyük uzaqgörənliklə ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu siyasətin istiqamətini göstərmişdir: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.
Deputat bildirib ki, Ordu həm də gənclik deməkdir: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu müstəvisində, eləcə də bütün cəmiyyətdə hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilmiş, vətənpərvər gənc nəsil yetişmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mübariz bir gəncliyin yetişdiyini dəfələrlə bəyan etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü hərbi-sənaye kompleksi yaradılmış, 20-dən artıq hərbi zavod işə salınmış, 5-ci nəsil silahlar alınmış, Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmişdir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu NATO standartları səviyyəsində formalaşmışdır, dünyanın güclü orduları sırasında öz yerini möhkəmlətmiş, Vətən müharibəsi zamanı göstərdiyi hərbi şücaəti, hərbi bacarığı ilə dünya ordularının müharibə doktrinalarını, taktikalarını dəyişdirmə zərurəti yaratmışdır. Adı milli tariximizə Zəfər çalmış Müzəffər lider kimi yazılmış İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur”.
Millət vəkili söyləyib ki, bu gün xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gələcəyə böyük ümidlə, ruh yüksəkliyi ilə baxır, işğaldan azad olunmuş ərazilirimizdə nəhəng infrastruktur layihələri, quruculuq işləri həyata keçirilir: “Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir. Bu nöqteyi-nəzərdən Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” ölkə Başçısının praqmatik,uzaqgörən və müdrik siyasətinin növbəti təzahürüdür. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaqdır. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir”.
Tamam Cəfərova hesab edir ki, Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, məqsədyönlü siyasəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi, xalq-dövlət monolit birliyi gələcəyə inamımızı, qurub-yaratmaq ruhumuzu daha da gücləndirir: “Möhtərəm Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm, qüdrətli Azərbaycan naminə yorulmaz fəaliyyətində uğurlar arzu edirəm. Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Qüdrətli Azərbaycan Ordusu! Yaşasın Qalib Azərbaycan Xalqı! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!