Ermənistanda Azərbaycanın 2024-cü ildə ekoloji kampaniya “silahını” işə salacağı qorxuları var.
Erməni ekspertlər Bakının BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransından istifadə edəcəyini iddia edirlər.
Onların iddiasına görə, Azərbaycan Ermənistanın ekoloji fəlakətlər törətdiyini, Zəngəzur zavodunun ətraf mühitə zərər vurduğunu BMT səviyyəsində gündəmə gətirəcək.
Daşnaksütyun partiyasının üzvü Suren Parsyan bildirib ki, Ermənistan bu konfransa ev sahibliyi etmək şansından Azərbaycanın xeyrinə imtina etdi, lakin Bakı bu kofransdan maksimum yararlanmağa çalışacaq.
“Azərbaycan Ermənistanın Qarabağda indiyə qədər istismar etdiyi təbii sərvətləri gündəmə gətirəcək, eyni zamanda, Zəngəzur mis-molibden zavodunun yaratdığı ekoloji problemləri BMT-nin gündəliyinə daxil edəcək”, - o bildirib.
Parsyan etiraf edib ki, Ermənistanda dağ-mədən sənayesindən istifadə zamanı tullantılarla ətraf mühitin çirkləndirilməsi, atmosferə zərərli maddələrin buraxılması halları baş verir: “Azərbaycanın bu faktlardan bizə qarşı istifadə edib-etməyəcəyi real vəziyyəti arxa plana keçirə bilməz”.
Qeyd edək ki, Ermənistan regionda ekoloji fəlakətlərə səbəb olan əsas ölkədir və bu ölkənin törətdiyi ekosid təkcə özlərinə yox, bütün bölgə üçün fəlakətli perspektiv vəd edir. Bu baxımdan, Azərbaycan Ermənistanın törətdiyi ekoloji fəlakətləri BMT-nin gündəminə daxil edərsə və qarşısını almağa nail olarsa, həm bu ölkəni, həm də bütün regionu fəlakətdən xilas edə bilər.