13 Yanvar 10:23
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatına şərhində bildirilib.

Qeyd olunub ki, komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi. Eyni zamanda, Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmiş sözügedən səfər Azərbaycan hökumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığını və əməkdaşlığının göstəricisidir.

Bütövlükdə, hesabatda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində qondarma “etnik təmizləmə” və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddialar heçə endirilib. Belə ki, komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub.

Hesabatda xüsusən terrorla mübarizə tədbirlərindən sonra geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı bir sıra konkret addımlar göstərilir. Burada, yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə və bu proses çərçivəsində nəzərdə tutulan tədbirlərə Azərbaycanın müsbət niyyəti və yanaşması vurğulanır.

Komissarın hesabatında münaqişənin və Ermənistan tərəfindən işğalın xarabalığa çevrilmiş mülki infrastruktura uzunmüddətli təsirləri, azərbaycanlı məcburi köçkünlərin azad edilmiş rayonlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin edilməsi məqsədilə aparılan minatəmizləmə və yenidənqurma işləri öz əksini tapıb.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə minalarla çirklənmə üzrə kəskin problem və bunun ərazilərin reabilitasiyasına, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtma prosesinə qarşı yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün ciddi risklər hesabatda vurğulanır. Bu məqsədlə, komissar Azərbaycan hökumətinin geri qayıtma prosesini asanlaşdırmaq üçün atdığı addımları alqışlayır. Bu kontekstdə, Ermənistanın indiyədək təqdim etdiyi minalanmış ərazilər üzrə xəritələrin dəqiqlik dərəcəsinin (cəmi 25%) hesabatda göstərilməsi xüsusilə qeyd olunmalıdır. Əslində, Ermənistan regionda təcavüzkar siyasətini həyata keçirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədilə Azərbaycanın suveren ərazilərində qəsdən kütləvi şəkildə minaların yerləşdirilməsi ilə məşğul olub.

Buna baxmayaraq, təəssüf ki, sənəd Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü sistemli şəkildə etnik təmizləmə aktlarına, hərbi cinayətlərə və yüz minlərlə azərbaycanlının, o cümlədən həssas vəziyyətdə olan uşaqların, qocaların və qadınların məcburi köçkünə çevrilməsinə səbəb olduğu məlumdur. Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdik.

Hesabatda reallıqdan tamamilə uzaq olan və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanınmayan Laçın yolunun qondarma “blokadası”na istinadların yer alması təəssüf doğurur. Müşahidələr Laçın-Xankəndi yolunda mülki əhalinin etirazlarının, daha sonra isə Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin yaradılmasına səbəb olan faktları göstərməyib. Azərbaycan tərəfi, Ermənistanın son üç il ərzində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmələrin saxlanılması və dövriyyəsi, minaların qanunsuz ötürülməsi daxil olmaqla Laçın yolundan müxtəlif qanunsuz məqsədlər üçün geniş və sistematik şəkildə sui-istifadə olunması ilə bağlı dəfələrlə əsaslandırılmış sübutlar təqdim edib. Bu hərəkətlər Azərbaycan tərəfinin çoxsaylı mülki və hərbi itkilər verməsi ilə nəticələnib.

Sözügedən qanunsuz hərəkətlərə və Ermənistanın öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfindən sərhəd buraxılış məntəqəsinin yaradılmasına gəlincə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Laçın yoluna tam nəzarət etmək üçün öz suveren hüququndan istifadə edib və bu, Ermənistanın iddialarının yekdilliklə rədd olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarında öz əksini tapıb. Bundan əlavə, komissar Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabr tarixli qərarına istinad edərkən, Azərbaycana qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısının alınması istiqamətində Ermənistandan tələb olunan müvəqqəti tədbirin göstərilməsi faktını nəzərdən qaçırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər