Ermənistanın baş naziri Nikol Paşinyan prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələrə lideri olduğu partiyanın toplantısında münasibət bildirib. Birincisi, Paşinyan dəhliz barədə danışarkən deyib ki, Ermənistanın İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır. Bu, hiyləgər açıqlamadır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində bildirilir.
"Yəni Paşinyan demək istəyib ki, İranın sərhəd və gömrük xidməti Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşlarını yoxlayacaqlarsa, eyni hüquqa Ermənistan da malik olmalıdır. Azərbaycan Zəngəzur dəhlizi uzandığına görə alternativ marşrut olaraq İran variantını seçmək məcburiyyətində qalıb. Prezident İlham Əliyev müsahibəsində açıq deyib ki, Zəngəzur dəhlizi olmasa Ermənistanla heç bir sərhəd məntəqəsi açılmayacaq. Seçim Paşinyanındır. İranla bağlı oxşar tələbimiz yoxdur, əksinə iki ölkə arasında sərhəd keçid məntəqələrinin sayı artıb.
İkincisi, Paşinyan İlham Əliyevin “Azərbaycan Ermənistanın silahlanmasına seyrçi qalmayacaq” açıqlamasına belə münasibət bildirib ki, əgər rəsmi Bakı narahatdırsa, iki ölkə bir-birinin silahlanmasına qarşılıqlı şəkildə nəzarətinə dair saziş imzalasın. Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin nəticəsini unudub. Qalib ölkə ilə məğlub ölkə arasında fərq ondadır ki, ikinci birinciyə şərt diqtə edə bilməz. Digər tərəfdən İlham Əliyev Ermənistana yalnız hücum xarakterli silah və hərbi texnika almaqla bağlı xəbərdarlıq edib. Ancaq Nikol Paşinyanın açıqlamasından hiss olunur ki, o İlham Əliyevin hücum xarakterli silahların alınması xəbərdarlığını diqqətə alıb. Üçüncüsü, Nikol Paşinyan çıxışında bəzi xarici və daxili qüvvələrin Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasını istəmədiyini deyib", - qeyd olunub.
Vurğulanıb ki, bu məsələdə Paşinyan haqlıdır, sadəcə baş nazir konkret ünvanın adını çəkməkdən ehtiyat edib: "Paşinyan “daxili qüvvələr” dedikdə “Qarabağ klanını”, “xarici qüvvələr” dedikdə isə yaxın tərəfdaşı Parisi və ya Vaşinqtonu deyil, böyük ehtimalla Moskvadakı dairələri nəzərdə tutub. Paşinyan xarici qüvvələrin iki ölkə arasında sülhün əldə olunmasını istəmədikləri qənaətindədirsə, onda İlham Əliyevin “təminatçı dövlətlərə ehtiyac yoxdur” yanaşmasını qəbul etməlidir".