İrəvan Bakı ilə sülh üçün mümkün “körpüləri yandırır”. Paşinyanın Əliyevin sərhədin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı dediklərinə cavabı belə düşünməyə əsas verir.
Nikol sərhədin delimitasiyasında Almaatı bəyannaməsini əsas gətirir və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyən edilməsini irəli sürür.
Bununla:
- SSRİ dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana bağışlanan ərazilərin müzakirəsini sıradan çıxarır;
- Azərbaycan Ordusunun hazırda çıxdığı sərhəd xəttindən (İrəvan bunu Ermənistan ərazisi adlandırır) geri çəkilməsini istəyir;
Əliyev isə son müsahibəsində qoşunların geri çəkilməyəcəyini bildirib və delimitasiya ilə bağlı üç təklif irəli sürüb: siyasi metdologiya – AXC xəritələrinin əsas götürülməsi; xronoloji – SSRİ-nin ilk dövrünə aid xəritələrin əsas götürülməsi; xəritələr kənara qoyulur, ekspert qrupu tərəfindən sərhədin hissə-hissə müəyyən edilməsi;
Bakı və İrəvan arasında delimitasiya ilə bağlı fikir ayrılığı dərinləşir. Bununla yanaşı, Bakının delimitasiya uzunmüddətli proses olduğu üçün bunu sülh sazişindən ayırmağı təklifinə qarşı İrəvan sazişdə konkret xəritəyə istinadın (ermənilər 1970-ci illərin xəritələrini istəyir) edilməsini istəyir.
Digər ziddiyyətli mövqe Naxçıvanla əlaqənin yaradılması üzərindədir. Paşinyan bilirib ki, “Naxçıvana çıxışı İran marşrutunun şərtlərinə uyğun verməyə hazırdırlar”. Söhbət gömrük və sərhəd yoxlanışının tətbiqindən gedir. Erməni baş nazirin “İran marşrutunu” nümunə kimi irəli sürməkdə məqsədi Bakının Naxçıvana “maneəsiz keçid” istəyini “ərazi iddiası” kimi təqdim etməkdir: “Azərbaycan digər ölkələrdən istəmədiyini, yaxud digərlərinin ona vermədiyini Ermənistandan tələb edir” demək istəyir;
Əliyevin son müsahibəsində dedikləri Naxçıvana “maneəsiz keçid”in Azərbaycan üçün “qırmızı xəttə” çevrildiyini göstərir. Bakı burada “Azərbaycandan Azərbaycana prinsipin” irəli sürür - Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumu tətbiq edilməməlidir. Əliyev bu olmayacağı təqdirdə, Ermənistanla sərhədin (kommunikasiyanın) açılmayacağını bəyan etdi. Bu halda sülhün əldə edilməsi, regional kommunikasiyanın açılması sual altına düşür.