19 Yanvar 11:10
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları 20 Yanvar faciəsini törədənlərin mühakiməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ombudsmanın 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

Sənəddə bildirilib ki, Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törədib. İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib".

Bəyanatda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman olduğu kimi, bu çətin gündə də xalqının yanında olub, insanlıq əleyhinə törədilmiş bu cinayətin dünyaya çatdırılması məqsədilə 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə ölkəsinin Moskva şəhərindəki nümayəndəliyində mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərliyini bu hərbi müdaxilə ilə bağlı pisləyən kəskin bəyanatla çıxış edib. Hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu cinayətə siyasi-hüquqi münasibət bildirilib, 20 yanvar tarixi Ümumxalq Hüzn Günü elan olunub: "Mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıqla törədilmiş bu hərbi təcavüz nəticəsində beynəlxalq hüququn insan hüquq və azadlıqlarına hörmət olunması prinsipi, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməyib, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməyiblər. İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiymət verməyə, təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri məqsədilə qətiyyətli addımlar atmağa çağırıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər