19 Yanvar 18:52
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Cümşüd bəy, Rusiya Zəngəzur dəhlizinin ABŞ və Qərbin nəzarətinə keçməsinə imkan vermək istəmir. Ermənistan isə Moskvanı bu prosesdə görməkdə maraqlı deyil. Belə olan halda dəhlizin hansı şərtlər əsasında açılacağı sualı yaranır...

- Nikol Paşinyan indiki halda daha çox erməni cəmiyyətinə hesablanmış açıqlamalar verir. Onun publikaya işləyən yanaşmaları indi daha çox önə çıxır. Dəhlizlə bağlı da Paşinyanın açıqlamları məntiqsizdir. Bununla bağlı Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun verdiyi bəyanata istinad etmək lazımdır. Lavrov əslində Paşinyanın ikiüzlü siyasətini ifşa etdi. Onun qeyri-ciddi siyasət apardığını gündəmə gətirdi. Həmçinin burada Lavrov tərəfindən Rusiyanın mövqeyi ortaya qoyuldu. Rusiyanın dəhliz məsələsində maraqlı olduğu ifadə edildi. Üçtərəfli bəyanata imza atmış tərəf kimi Ermənistanın öhdəlikləri xatırladıldı.

- Sülh və dəhlizlə bağlı məsələlərdə daha çox kimlərin mövqeyi önə çıxır?

- Burada Ermənistanı qızışdıran Fransa və İranın yanaşmalarını diqqətdən kənar saxlamaq olmaz. Hər iki ölkə Azərbaycan qarşı ikiüzlü siyasət yürüdür. Amma bunun fonunda dəhlizlə bağlı Moskvanın açıq mövqeyi var. Sözsüz ki, Rusiya Ermənistanın bu addımlarını ona bağışlamayacaq. Hazırda Rusiyanın daxilində də Ermənistanın cəzalandırılması ilə bağlı tələblər irəli sürülür. Bu da təbii ki, birmənalıdır.

- Hadisələrin bu məcarada inkişafı Azərbaycan üçün nə vəd edir?

- Bu, sözsüz ki, rəsmi Bakının xeyrinə olan proseslərdir. Hələ ki, Ermənistan məsələni uzatmağa çalışır. Bunun fonunda isə Avropa İttifaqı da artıq Ermənistanı ittiham etməyə başlayıb. İrəvan Rusiyanın qarşısında diz çökməkdə, əyilməkdə, ona yalvarmaqda günahlandırılır. Belə olan halda hadisələr Ermənistanın xeyrinə olmayan istiqamətdə inkişaf edir.

- Moskvanın yaxın zamanlarda İrəvana qarşı adekvat addımlar atacağı söylənilir...

- Rusiya bu ilin martın 17-ə qədər Ermənistana qarşı açıq müstəvidə heç bir iş görməyəcək. Çünki seçki ərəfəsində bu, uğursuz bir addım olar. Amma aprel-may aylarının Ermənistan üçün həddən artıq ağır keçəcəyi gözlənilir. Bu gün Ermənistanın Rusiya tərəfindən silahlandırılması ilə bağlı səslənən fikirlər də yanlışdır. Silahlar xeyli müddət öncə imzalanmış müqaviləyə əsasən göndərilir. Burada da Rusiyanın məqsədi Ermənistanla Qərbin arasını vurmaqdır.

- Ermənistanın silahlanması bölgə üçün hansı təhlükələr yarada bilər?

- Bu, əslində bir oyundur. Rusiyanın siyasi elitası Azərbaycanı da onlardan silah almağa təşviq edir. Amma bütün bunlar Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Azərbaycan hazırda növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Ona görə də, kimin hara nə verib, nə alması Bakını o qədər də maraqlandırmır.

- Ukrayna ilə müharibə sonrası Rusiyanın gündəliyində Cənubi Qafqazla bağlı nə kimi planları var?

- Rusiya-Ukrayna müharibəsindən sonra Moskvanın siyahısında olan ölkə Ermənistandır. Hazırda Rusiyanın Ermənistanda olan hərbi bazasına da müəyyən silahlar daşınır. Bütün bunlar Paşinyana mümkün təzyiqlər üçün hesablanmış addımlardır.

- Ötən ilin sonuna yaxın Azərbaycanla Ermənistan arasında yaranmış müsbət atmosfer indi mənfi tendensiyada müşahidə edilir. Buna səbəb nədir?

- Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir növ siyasi təzyiq metodunu seçdi. Bu, hücum diplomatiyası adlanır və təbii ki, Ermənistana ünvanlanıb. Amma Paşinyan bunu Ermənistanın ərazi bütövlüyünə qəsd kimi gündəmə gətirdi. Halbuki, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bizim başqalarının torpağında gözümüz yoxdur. Ona görə də, əslində bu təzyiq Ermənistanın yenidən Qarabağla bağlı iddialarını gündəmə gətirməsinə qarşı cavab idi. Ermənistana hücum etmək Bakının indiki halda planında yoxdur. Sadəcə olaraq ölkə Prezidenti Azərbaycan Xalq Cumhuriyyəti və keçmiş sovet dövründə torpaqların qanunsuz olaraq ermənilərə verildiyini xatırlatdı.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər