Azərbaycanla ərəb ölkələri arasında əlaqələr son illər yeni dövrünü yaşayır. Əlaqələr durmadan inkişaf edir. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər bu xüsusda daha çox nəzərə çarpır. Ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri əlaqələri qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanır. Sözsüz ki, bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət əsasında formalaşıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, iki ölkə arasında mövcud münasibətlərin daha da möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm önəm kəsb edir: “Bu kimi səfərlər əməkdaşlığın daha da genişlənməsində təsirli rola malikdir. Bu mənada Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri vacib əhəmiyyət daşıyır. Tarixi nöqteyi-nəzərdən bu səfər əlaqələrin bundan sonrakı inkişafında təsirli amil kimi dəyərləndirilir. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Birləşmiş Ərəb Əmirlikləri prezidenti arasında geniş tərkibdə və təkbətək görüşlər keçirilib. Liderlər hər iki ölkənin milli mraqlarına uyğun həyata keçiriləcək birgə addımları müzakirə edib. Eyni zamanda müxtəlif sahələrdə əməkdaşlığın bundan sonrakı inkişafında maraqlı olduqları ifadə olunub. Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanıyan Birləşmiş Ərəb Əmirlikləri ilə ölkəmiz arasında diplomatik əlaqələr 1992-ci il sentyabrın 1-də qurulub. İki ölkə arasında 30-dan çox ikitərəfli müqavilə imzalanıb. Azərbaycan Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Azərbaycanla ərəb dövlətləri arasında mehriban münasibətləri xüsusi ilə qeyd etmək olar. Azərbaycanla ərəb ölkələri arasındakı əlaqələr müxtəlif beynəlxalq platformalarda o cümlədən, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək səviyyədə qurulub. Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinə dəstək verib. Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) üzvüdür. 2005-ci ildə Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Ölkəmiz bu qurumda müşahidəçi statusa malikdir”.
Deputat bildirib ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələrin bir-birinin maraq və mövqelərinin müdafiəsini özündə ehtiva edir: “Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müzakirəyə çıxardıqları antiazərbaycan qətnaməsinə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən sərt şəkildə etiraz edilməsi və bunun rədd olunması ölkəmizə verilən yüksək dəyərin göstəricisi hesab olunur. Bu eyni zamanda hər iki ölkə arasındakı əlaqələrin xarakterini göstərir. Prezident İlham Əliyevlə Birləşmiş Əərəb Əmirliklərinin prezidentinin görüşü zamanı da ölkələrimiz arasındakı əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın çoxşaxəli olduğu bir çox sahələri əhatə etdiyi bildirilib. Xüsusilə yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı çox önəmli addımların atıldığı qeyd olunub. 2023-cü ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğu eyni zamanda imzalanmış Kontraktlar və Anlaşma Memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulduğu diqqətə çatdırılıb. Ötən ay Bakıda imzalanmış bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondunun yaradılmasına və informasiya-kommunikasiya sektoruna dair iki mühüm sənədin əhəmiyəti önə çəkilib.
Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin Azərbaycana səfəri çərçivəsində də bir çox vacib yeni sənədlər imzalanıb. Bütün bunlar iki dost ölkə arasında bundan sonra da qarşıda bir çox hədəflərin durduğunu göstərir. Çünki iki ölkə arasında olan səmimi dostluq əməkdaşlıq üçün yeni perspektivlər açır”.
Eldar Quliyev hesab edir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərarın məhz Birləşmiş Ərəb Əmirliklərində qəbul edilməsi də tarixi əhəmiyyət daşıyır. Sözsüz ki, bütün bu reallıqlar, səfər zamanı keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin və əməkdaşlığın hədəflərinin daha böyük olduğunu göstərən mühüm amillərdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində məhz Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub ki, bu xüsusda ərəb ölkələri ilə də münasibətlər vacib önəmə malikdir”.