Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ötən gün başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməməsi bəzi Avropa dövlətlərinin ölkəmizə qarşı apardığı ardıcıl çirkin siyasətin tərkib hissəsidir. Konkret olaraq, Fransa və Almaniya Ermənistana vəd etdiyi “öhdəliyi” dünən yerinə yetirdi. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin dəstəklənməsi AŞPA-nın nüfuzuna ciddi zərbə oldu.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qərarı şərh edərkən bildirib.
Onun sözlərinə görə, AŞPA-nın qərarı Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində aparılan danışıqlara mənfi təsir göstərir: “Bəzi avropalı siyasətçilər ermənilərdən daha çox ermənilik edirlər. Ermənistanın baş naziri Nikol Paşintan Azərbaycan qarşısında məğlubiyyətlərini və əvvəldən yanlış yolda olduqlarını etiraf edir, amma Fransanın prezidenti Makron və onun avropalı “dostlar”ı “silahı” yerə qoymurlar. Bir neçə gün öncə Emmanuel Makron ölkəsinin Silahlı Qüvvələrinə ünvanladığı mesajda “Ermənistanla bağlı tarixi qərarlar qəbul etdik” deyərkən, yəqin ki, AŞPA-nın atacağı bu rüsvayçı addımı nəzərdə tuturdu. İndiki həssas dövrdə AŞPA-nın Azərbaycana sanksiyalar tətbiq etməsi, onsuz da, kövrək olan sülh prosesini dalana dirəyir. Onlar verdikləri qərarı belə əsaslandırıblar ki, guya Azərbaycanda “siyasi məhbuslar var", Qarabağdakı ermənilər zorakılıqla çıxarılıb, ötən il həmməruzəçilərin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb və s. Əlbəttə, bütün bunlar sadəcə bəhanədir. Əsas səbəb Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin Avropada həzm edilə bilməməsidir. Avropalı deputatların 2023-cü ildə Ermənistandan Laçın dəhlizi vasitəsi ilə Qarabağa səfər etməsinə icazə verilməməsi doğru idi. Azərbaycan tərəfi haqlı olaraq təklif etmişdi ki, Qarabağa səfər yalnız ölkə ərazisindən mümkündür”.
Politoloq qeyd etdi ki, Strasburqda qəbul edilən qərar heç bir halda insan hüquqları ilə bağlı deyil, siyasi məsələdir: “Azərbaycanın 30 il ərzində ən müxtəlif platformalarda, o cümlədən AŞPA-da Ermənistanın işğalçılıq siyasətinə qiymət verilməsi üçün təkliflər verib. Amma hər dəfə müxtəlif bəhanələrlə Ermənistana qarşı tədbirlər görməkdən imtina ediblər. AŞPA-nın nə qərarı, nə də özü Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Düşünürəm ki, Azərbaycan nümayəndə heyəti də, öz növbəsində, AŞPA ilə münasibətlərinə yenidən baxmalıdır. Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmasını da müzakirə etməlidir. Azərbaycanın Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur Çünki 2001-ci ildə üzvü olduğu təşkilat Azərbaycana heç nə verməyib. Xristian klubu kimi fəaliyyət göstərən Avropa İttifaqı, Avropa Parlamenti, AŞ və AŞPA böyük həvəslə Azərbaycana və Türkiyəyə qarşı məsələləri müzakirə edib. Onlar islamofob və türkəfob təfəkkürlü həvəskar siyasətçilərin düşərgəsinə çevrilib. Son illər dünyada nüfuzunu sürətlə itirən, Cənubi Qafqazdakı mövqelərindən məhrum olan Fransa indi də almaniyalı deputatı qabağa verərək öz çirkin xarici siyasətini davam etdirir”.
R.Alıyev onu da qeyd etdi ki, AŞPA-da Azərbaycan əleyhinə təklifi cəmi 30-a yaxın deputat dəstəkləyib ki, onlar da Ermənistan, Fransa və Almaniya nümayəndə heyətinin üzvləri olub: “AŞPA-dakı müzakirələrdə mənim diqqətimi çəkən britaniyalı deputat İan Liddel-Grangerin Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxması oldu. O, haqlı olaraq bildirdi ki, bu, səhv qərardır. Heç bir müsbət nəticə verməyəcək. Əgər AŞPA Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyirsə, ortaya ədalətli mövqe qoymalı, Bakı ilə yaxından işləməlidir. Ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətlə yanaşılmayan bir qurumda qalmaq bizim üçün də əhəmiyyətsizdir. Düşünürəm ki, AŞPA Monitorinq Komitəsi qurumun səhvini düzəldəcək və Azərbaycanla bağlı ədalətsiz qərarı təsdiqləməyəcək”.