24 Yanvar 13:37
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə deputatlar “təşkilatın prinsiplərini pozduğuna görə” Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər.

Teleqraf.com xəbər verir ki bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib. O, öz bəyanatında “Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini” göstərib.

Frank Şvabe 2023-cü ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyası məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini də vurğulayıb.

Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

İclasa sədrlik edən Emmanuelis Sinqeris deyib ki, bu təklifin qiymətləndirilməsi ilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq. Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var. Bundan sonra Avropa Şurası Parlament Assambleyası bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək.

Eyni zamanda Azərbaycan nümayəndə heyəti bu məsələ üzrə səsvermədə iştirak edə bilməz.

Beləliklə, Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.

AŞ PA-nın bu qərarını şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki,

belə bir qərarın verilməsində “əsas” tutulan fikirlər tamamilə absurd iddialar və bəhanələrdir. Heç bir həqiqətə söykənməyən iddialar “əsas” göstərilir: "Avropa Şurasında qaldırılan məsələlər bəhanədir. Onlar xristian təəssübkeşliyinin təsiri altında addımlar atırlar. Mən də Milli Məclisin üzvü olduğum zaman bir müddət Azərbaycan nümayəndə heyətinin tərkibində Avropa Şurası Parlament Assambleyasında təmsil olunmuşam. Onun müvafiq komitələrində iştirak eləyərkən bu qurumun üzvlərinin həmişə bir xristian təəssübkeşliyinin olduğunu görürdüm. Eyni zamanda Avropa İttifaqı ilə Milli Məclisin əməkdaşlıq komitəsinin üzvü olduğum zaman da Avropa Parlamentində də bu cür yanaşmaların şahidi olmuşam. Azərbaycanın uğuruna sevinməməklə bərabər onların münasibətlərində həmişə bir xristian təəssübkeşliyi öz təzahürlərini göstərirdi. İndi də Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra, ötən ilin sentyabrında antiterror tədbirləri nəticəsində separatizmin Azərbaycanda tamamilə kökünü kəsdikdən sonra Azərbaycana Avropanın xristian klubu kimi tanınan təşkilatlarının təzyiqlərinin olacağı qaçılmaz idi. Biz bunu son üç il idi görürdük və keçən ilin sentyabrından sonra daha da genişlənəcəyi gözlənilən idi. Amma Avropa Şurasının bu qədər cılız bir vəziyyətə düşəcəyini, Azərbaycana bu cür münasibətlə özünü bu qədər nüfuzdan salacağını təsəvvür etmək mümkün deyildi. Çünki Azərbaycanda baş verən hadisələrin beynəlxalq hüquq normaları prinsipinə uyğun olması Avropa Şurasındakı bir sıra dövlətləri qane etmir. Azərbaycan Prezidentinin müstəqil siyasəti, heç bir dövlətin təzyiqi ilə milli maraqlardan geri addım atmaması o dövlətləri qane etmir. Onlara Ermənistan kimi maşa dövlət sərf edir. Onlar başqa dövlətlərin də bu cür olmasını istəyirlər”.

Hüquq müdafiəçisi qeyd etdi ki, Azərbaycan onların oyuncağı olmadığı üçün bizə qarşı təzyiqlər edirlər. Təzyiqlər üçün isə bəhanələr irəli sürürlər: “İndi AŞ PA-ya demək lazımdır ki, Laçın dəhlizindən sərbəst gediş-gəliş dedikdə nə etmək istəyirdiniz? Belə çıxır ki, o yoldan separatçı rejimə Ermənistandan silah daşınmasını istəyirdiniz? Bu, separatizmə dəstək deyildi bəs nə idi? Avropa Şurasındakı ermənipərəstlərin arzusu və istəyi ilə biz ərazimizdə separatçılığa dözəsi və şərait yaradası deyildik. Azərbaycan bütün addımlarını qanunlara və beynəlxalq konvensiyalara uyğun olaraq atır. Buna görə də Avropa Şurasının hansısa təzyiq xarakterli qərarları Azərbaycanı mövqeyindən döndərə bilməz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər