23 Yanvar 19:36
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini həzm edə bilməyən qüvvələrin sayı günü-gündən artır. Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul etməməsi bu qurumun ölkəmizə qarşı riyakar,antiAzərbaycan siyasətininin növbəti dəfə təzahürüdür. Bütün dünyanı heyrətləndirən Zəfərimizi qəbul edə bilməyən və erməni lobbisinin əlaltısına çevrilmiş Qərb bu dəfə də Azərbaycan xalqını təəccübləndirmədi. Yenə də eyni teatr tamaşası, eyni ssenari, sadəcə, bu dəfə baş rolda Fransa yox, Almaniya var idi. Təəssüflər olsun ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim ölkəmizə qarşı vasitə kimi istifadə edib. AŞPA-nın ortaya qoyduğu mövqedən aydın görünür ki, Avropa Şurası nizamnaməsinin preambulasında qeyd olunan dəyərləri çoxdan unudub, ya da bu sadəcə başqa dövlətlərə təzyiq vasitəsi kimi nəzərdə tutulan söz yığınından başqa bir şey deyil. Xatırladaq ki, preambulada qeyd olunur: “ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq” Şuranın nizamnaməsi qəbul olunub. AŞPA-nın tutduğu mövqe onu deməyə əsas verir ki, nizamnamədə qeyd olunan anlayışların onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əks təqdirdə, Ermənistanın yaranmış yeni reallığı qəbul etməyə başladığı bir vaxtda Fransa, Almaniya və onların əlində oyuncağa çevrilmiş Avropa Şurası ölkəmizə qarşı bu cür addım atmazdı. Qeyd etmək lazımdır ki, AŞPA-nın destruktiv mövqeyi və ermənidən daha çox ermənilik etməsi Azərbaycan və Ermənistan arasında sülh prosesinə ciddi zərbədir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb. Yanvar ayının 22-də keçirilən iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması tamamilə qərəzli və riyakar bir addımdır.AŞPA-nın bu qərəzli addımını əsaslandırdığı uydurma səbəblər isə tamamilə absurddur. Əsas səbəb kimi Azərbaycan tərəfinin 2023-cü ildə “Laçın dəhlizi”nə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib. Almaniyalı deputat və onun bu təşəbbüsünü dəstəkləyən həmkarları məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır.Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı uğursuz qisas cəhdidir. Azərbaycanın 30 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təsisatın, o cümlədən Avropa Şurasının və AŞPA-nın ürəyincə olmayıb. Onlar düşünürlər ki, rəsmi Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır.

Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və belədə davam edir. Avropa Şurası ölkəmizə qarşı bu cür qərəzli mövqe ortaya qoymaqla Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanı qarşısına aldığını açıqca nümayiş etdirmiş oldu. Bu mövqe müstəqil və suveren Azərbaycana qarşı köklü qərəzin bariz təzahürüdür.

Onu da qeyd etməliyik ki, qaydalara görə, Monitorinq Komitəsi öz rəyini təqdim etdikdən sonra Assambleya 3 seçimdən birinə səs verəcək: nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməsi, təsdiqlənməməsi və ya nümayəndə heyəti üzvlərinin bəzi iştirak və ya təmsilçilik hüquqlarından məhrum edilərək onların etimadnaməsinin təsdiqlənməsi. Şübhəsiz ki, Avropa Şurası və Azərbaycan arasında gələcək münasibətlərin necə formalaşacağı qeyd etdiyimiz 3 seçimdən birini etmələrindən birbaşa asılıdır. Hər bir halda Avropa Şurasının tutduğu mövqe, cəfəng açıqlamalar və qərəzli yanaşmaları qəbulolunmazdır. Şübhəsiz ki, belə olan halda bir sual təbii olaraq hər bir azərbaycanlını düşündürür. Ölkəmizə qarşı müxtəlif vasitələrlə, uydurma iddialarla təzyiqlər etməyə çalışan bir quruma üzvlük Azərbaycan üçün nə qədər vacibdir? Xüsusilə dünyada bu qədər mürəkkəb proseslərin, siyasi- iqtisadi katakilizmlərin baş verdiyi bir dövrdə, məqsədli şəkildə keçmiş münaqişəni yenidən canlandırmağa çalışan, Cənubi Qafqazda yenidən konflikt yaratmağa çalışan bir təsisat Azərbaycanın nəyinə lazımdır? Bu baxımdan Avropa Şurası qərar verərkən Azərbaycanın bu suallar ətrafında düşündüyünü nəzərə almalıdır. Azərbaycanın Avropa ölkələrinin bir çoxu ilə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Xüsusən də, enerji təhlükəsizliyini təmin edərək, milli təhlükəsizliyində birbaşa rol oynadığı ölkələrlər münaisbətləri günü-gündən dərinləşməkdədir. Bütün bu faktlar Azərbaycann Avropa Şurasına ehtiyacı olmadığını bir daha ortaya qoyur. Avrupa Şurası bilməlidir ki, AŞPA-da hansı qərarın verilməsindən asılı olmayaraq, Azərbaycan adekvat siyasi münasibət ortaya qoyacaq. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər