24 Yanvar 22:46
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ölkəmizə qarşı növbəti qərəzli yanaşmanın nəticəsidir. Bəzi Avropa dövlətləri son dövlər Azərbaycana qarşı çirkin kampaniya aparır. Azərbaycanın özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etməsi, suverenliyini, konstitusiya quruluşunun bütün ölkə üzrə bərqərar olması bəzi Qərb ölkələrini və təşkilatlarını ciddi şəkildə narahat edir. Bu da sözsüz ki, həmin ölkələrin və qurumların erməni lobbisinin asılılığında olduğunu göstərən mühüm faktdır.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki. indiki halda Fransa və Almaniyanın Ermənistan üçün bu qədər canfəşanlıq etməsi heç də təsadüfi deyil: “Erməni lobbisinin, diasporasının maliyyə dəstəyi ilə hakimiyyətə gələn Fransa və Almaniya siyasətçiləri fundamental dəyərləri belə ayaqlar altına atır. Almaniyalı deputat Frank Şvabenin AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin “dəstəklənməsi” məhz bu acı reallığın təzahürü hesab edilir. AŞPA-da sərgilənən bu mövqe Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmağa hesablanıb. Bəzi Qərb dövlətləri və siyasətçiləri ermənidən daha çox erməni olmağa çalışır. Fransa prezidenti Emmanuel Makron kimi bəzi Qərb siyasətçiləri anti-Azərbaycan, islamafob, anti-Türkiyə mövqeyindən əl çəkmir. Azərbaycanın 30 il pozulmuş hüquqları, ərazi bütövlüyü və suverenliyi ilə bağlı susmuş Qərb dövlətləri bu gün Ermənistan və ermənilər üçün dəridən-qabıqdan çıxır. Qarabağdan ermənilərin könüllü şəkildə çıxıb getməsini belə az qala Azərbaycana qarşı etnik təmizləmə ittihamı kimi sırımağa çalışırlar. Amma onlar 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərə göz yumurdular. Xocalı soyqırımına, azərbaycanlıların etnik təmizləmə və zorla deportasiyasına susan, biganə qalan, bunu görməzdən gələn, Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına reaksiya verməyən Qərb və onun ikiüzlü təşkilatlarının indiki mövqeyi sadəcə olaraq riyakarlıqdır”.

Millət vəkili Azərbaycanın 2001-ci ildə AŞPA-ya üzvlüyündən sonra ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan ölkəmizə qarşı vasitə kimi istifadə edib: “AŞPA uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Bununla kifayətlənməyən AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib. Eyni zamanda AŞPA-nın əsassız olaraq “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirmısi açıq riyakarlığın təzahürüdür. Bu mənada Avropa İnsan Hüquqları Məhkəməsi də Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır. Sözsüz ki Avropanı narahat edən Azərbaycanın əldə etdiyi tarixi qələbədir. AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir”.

Təftiş Komissiyasının sədri hesab edir ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdu: “Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər”.

Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin edib: “2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror tədbirlərindən sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürüb. Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim edilib. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımların nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər