Ermənistanın təqdim etdiyi mina xəritələrin yararsız və natamamlığı dəfələrlə bildirilib.
Teleqraf.com xəbər verir ki, bu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Qeyd edilir ki, Azərbaycan XİN Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Azərbaycana mina xəritələrinin təqdim olunması niyyəti barədə 25 yanvar 2024-cü il tarixli bəyanatını qeydə alıb.
"Ermənistan tərəfindən Azərbaycan ərazilərinin heç bir fərq qoymadan, kütləvi və məqsədyönlü şəkildə minalanması post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına çətinlik törədən əsas təhdidlərdəndir. Ermənistanın bu fəaliyyəti müharibə cinayəti olmaqla yanaşı, beynəlxalq humanitar hüququn və Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ciddi pozuntusudur.
Azərbaycan tərəfi dəfələrlə, həm 2020-ci il Vətən müharibəsindən əvvəl, həm də post-münaqişə dövründə Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini tələb edib.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur", - deyə qeyd edilib.
"Eyni zamanda qeyd edək ki, son illərdə mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfər vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.
2020-ci ildən sonra da, Ermənistan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı da mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətinin humanitar prosesə töhfə olmadığını göstərir və bu addım etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfi bu günə qədər Azərbaycana tam şəkildə təqdim edilməyən bütün minalanmış ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsini gözləyir.
Bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir", - XİN-dən əlavə olunub.