Jurnalistlər Fuad Hüseynzadə və Ədil Ədilzadənin Özbəkistanın nüfuzlu mediasında Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı məqaləsi dərc edilib.
Teleqraf.com “Secki-2024.az” saytına istinadla xəbər verir ki, məqalə “Azərbaycan prezident seçkilərinə hazırlaşır” və “Zəfər seçkiləri” sərlövhələri ilə “Tnews.uz”, “Xabar.uz” və “Muzaffar.uz” saytlarında yayımlanıb. Jurnalistlər seçki ilə bağlı “Özbəkistan24” radiosunda da çıxışlar ediblər.
Məqalə və radio çıxışlarında qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verilib. Qeyd edilib ki, prezident seçkilərində mübarizə aparacaq 7 namizədin təşviqat kampaniyasına qanunvericiliyə uyğun şərait yaradılıb.
Məqalədə ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görüldüyü qeyd edilib. Bildirilib ki, Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Məqalədə işğaldan azad edilmiş ərazilərdə seçkilərə hazırlıq prosesindən də bəhs edilib, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkinin bütün ölkə ərazisində keçiriləcəyi xüsusi olaraq vurğulanıb. "Qalib Azərbaycan" Könüllü Təbliğat Qrupu yaradılıb.