7 Fevral 14:36
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq bütün ərazilərimizdə prezident seçkiləri keçirilir. Müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan üçün yeni bir inkişaf mərhələsi başlayır. Sözsüz ki, hər zaman Azərbaycanın bütövlüyünə, birliyinə, sabahına birmənalı olaraq birlik, həmrəylik göstərmiş xalqımız 7 fevral 2024-cü ildə baş tutan prezident seçkilərində də böyük fəallıq nümayiş etdirir.

Teleqraf.com xəbər verir ki, müasir Azərbaycan tarixinə Zəfər seçkiləri kimi daxil olan növbədənkənar prezident seçkilərində səsvermə hüququ olan hər kəs böyük həvəs və şövqlə iştirak edib.

Kooperasiya Universitetində təşkil edilmiş 20 saylı Nərimanov 2-ci seçki dairəsinin 26 saylı seçki məntəqəsində də böyük aktivlik müşahidə edilib. Seçicilər axın-axın məntəqəyə gələrək öz seçimlərini sərbəst, heç bir maneə ilə üzləşmədən, rahat şəkildə ifadə ediblər.

Məntəqə sədri Bəxtiyar Hətəmov burada 1115 seçinin qeydiyyatda olduğunu və hazırda prosesin yüksək fəallıq və Seçki Qanunvericiliyinə uyğun şəkildə keçirildiyini bildirib.

O qeyd edib ki, məntəqənin ən yaşlı seçicisinin 90 yaşı olsa da o özü gəlib səsvermədə iştirak edib.

Bildirib ki, məntəqədə 90 yaşından yuxarı qeydiyyatda olan seçici mövcud deyil. İlk səs verənlər isə 50-dən artıq olub. Ümumiyyətlə gənclər də digər yaş qruplarına aid olan seçicilərimiz kimi bu prosesdə böyük həvəslə iştirak edir.

1115 seçicinin qeydiyyatda məntəqədə hazırda siyahıda olanların 80 faizindən çoxu gəlib öz seçimini edib.

Məntəqədə yerli müşahidəçilərlə yanaşı xarici müşahidəçilər də seçki prosesini izləyib.

Seçki Qanunvericiliyə uyğun olaraq keçirilir və heç bir qanun pozuntusu və şikayət qeydə alınmayıb. ABŞ səfirliyindən, ATƏT-dən və GUAM-dan olan müşahidəçilər də məntəqədə seçki prosesini müşahidə edib və heç bir pozuntunun olmadığı müəyyənləşib.

Kooperasiya Kollecində təşkil edilmiş 20 saylı Nərimanov Seçki Dairəsinin 25 saylı Seçki məntəqəsində də yüksək seçki ab-havası var idi.

Məntəqə sədri Şəfəq Bəşirova 1115 seçicinin qeydiyyatda olduğunu seçki prosesi başlandıqdan böyük fəallığının qeydə alındığını deyib.

Yüksək seçici fəallığı fonunda vətəndaşlarımız öz seçimini edir.

Seçki Qanunvericiliyinə uyğun olaraq proses həyata keçirilir. Yerli və xarici müşahidəçilər heç bir qanun pozuntusu və şikayətin olduğunu qeyd etməyib. İnsanlarımız rahat, sərbəst şəkildə məntəqəyə gələrək öz iradəsinə uyğun olaraq seçimini edir.

Səsverməyə yaşlı nəslin nümayəndələri də böyük həvəslə qatılır. Abbasaova Sevil 87 yaşı olmasına baxmayaraq məntəqədə səsverməyə gələrək öz seçimini edib. O gələcək, qalib, güclü Azərbaycan naminə səs verdiyini bildirib.

Əsədov Bəxtiyar da seçkidə iştirakın hər bir Azərbaycan vətəndaşı üçün borc olduğunu bildirib.

O qeyd edib ki, bu seçkilər fərqli bir ab-havada keçirilir. Torpaqlarımız azad edilib, suverenliyimiz bərpa olunub. Xalqımız özünə məxsus olana sahib çıxıb. Bu seçkilər də Azərbaycanımız üçün yeni bir başlanğıc olacaq.

Vəliyev Məhərrəm də seçkilərin çox rahat, sərbəst keçdiyini bildirib.

Səhər saatlarından hamının prosesdə iştirakı müşahidə edilir. Xalqımız sevinclidir. Bütöv qalib Azərbaycanda ilk dəfə seçki keçirilir.

Allah şəhidlərimizə rəhmət etsin. Xalqımız, Ordumuz, Dövlətimiz var olsun.

Gənc seçicilərdən olan Zeynalova Aygün də seçkidə iştirakdan qürur duyduğunu deyib. Gələcəyimiz naminə hər bir səsvermə yaşı çatan gənclərimi bu prosesdə aktiv iştiraka səsləyib. Bu gün Azərbaycan qalib dövlət kimi inkişaf edir. Bizi daha böyük və işıqlı bir gələcək gözləyir. Ona görə də, hər bir gənc ölkəmizin həyatı üçün vacib olan proseslərdə aktiv iştirak etməlidir.

Hüseynov Vilayət də indiyə kimi qatıldığı seçkilərdən bu seçkinin başqa bir ab-havada olduğunu söyləyib. Ölkəmiz qalibdir, dövlətimiz güclüdür. Müzəffər Ordumuz var. Bizə məxsus olanlara sahib olmuşuq. Bundan sonra biz daha güclü və inkişaf etmiş bir ölkə kimi dünyaya səs salacayıq. Vətəndaşlarımızdan da xahişimiz odur ki, ölkəmizin həyatı üçün vacib olan proseslərdə aktiv iştirak edib, dövlətimizin və dövlətiçiliyimizin işıqlı gələcəyinə töhvə vermiş olsunlar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər