7 Fevral 23:40
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda deyilir: “BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkilərin elan olunduğu ilk günlərədə seçkilərə qatılmağa tərəddüd etsə də ölkəmizdə köklü islahatlara ehtiyac olması zərurətini qəbul edərək, “Ədalət, Hüquq, Demokratiya” şüarı, “Böyük Dəyişikliklər” seçki proqramı ilə Prezident seçkilərinə qatıldı. Seçkilərin nəticələrinə dair hər hansı illüziyaya qapılmasaq da əzmlə mübarizə apardıq.

Ölkəmizin müxtəlif regionlarında və paytaxtda seçicilərlə çoxsaylı görüşlər keçirərək, insanları Azərbaycanı böyük islahatlar yolu ilə daha müasir, iqtisadi baxımdan daha güclü, daha nüfuzlu Avropa ölkəsi edəcək Qüdrət Həsənquliyevə səs verməyə çağırdıq.

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev və onun nümayəndələri mediada cəmiyyətimizdə mövcud problemlər və onlardan çıxış yollarına dair partiyamızın mövqeyini açıqladı.

Səsvermə prosesini izləmək məqsədilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəni əhatə edən seçki müşahidəçilərini qeydiyyatdan keçirdi.

Ümumilikdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının minlərlə müşahidəçisi, Seçki Qərargahının üzvləri seçki prosesini müsbət xarakterizə etmiş və nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını, nəticələrin vətəndaşların iradəsini ifadə etdiyini bildirmişdir. Seçkilərin nəticələri İlham Əliyevin inamlı qələbəsi ilə yanaşı sivil ölkələrdə olduğu kimi ölkəmizdə də güclü çoxpartiyalı sisitemin yaranmasına yol açacaq ciddi siyasi isalahatların aparılması zərurətini növbəti dəfə nümayiş etdirmişdir.

BAXCP olaraq seçkilərdə bizə dəstək olmuş tərəfdarlarımıza, təqdim etdiyimiz islahatlar paketinə səs vermiş hər kəsə dərin minnətdarlığımızı bildiririk.

BAXCP seçkinin legitimliyini şübhə altına alan iddiaları qəbul etmədiyini bəyan edir.

Biz seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə Prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik”.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər