Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş anti-terror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranmışdır.
"Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur", - XİN rəmisi vurğulayıb.