18 Fevral 14:15
6 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münxendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakını şərh edib:

"Dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri Münxen Təhlükəsizlik Konfransıdır. Liderlər Münxendə açıq müzakirə aparır, panellərdə müxtəlif təhlükələrin miqyasını təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstan ərazilərini işğal etdi, 7 il sonra Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı.

Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi. Məsələn, Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-ya üzv qəbul edilsəydi, Rusiya alyansa yeni üzv olan ölkələrə hücuma risk etməzdi.

Azərbaycan Prezidenti İlham Əliyev üçün də Münxen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münxendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki Ermənistanın ümidi onaydı ki, Qarabağda antiterror tədbirlərindən sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaqdı.

Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsalar da, belələrinin sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar.

Ukrayna Prezidenti Vladimir Zelenski Münxendə İlham Əliyevlə görüşdə ölkəsinə humanitar dəstəyi davam etdirdiyinə görə Azərbaycan dövlət başçısına bir daha minnətdarlığını bildirdi. ABŞ və Avropa Birliyi (AB) Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədir".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər