19 fevral 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Xorvatiya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən Teleqraf.com-a bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya Respublikasının nümayəndə heyətinə Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiç rəhbərlik edib.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırki vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və bu mötəbər tədbirin iki ölkə arasında mövcud strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib.
Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi barədə ətraflı məlumat verilib. Eləcə də, azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, orada həyata keçirilən bərpa-quruculuq işləri və bu istiqamətlərdə əməkdaşlıq imkanları ilə bağlı qarşı tərəf məlumatlandırılıb.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.