21 Fevral 18:36
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada eyni dilə və soykökə mənsub xalqlar çoxdur. Lakin dünya tarixinə nəzər saldıqda Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın dostluq, qardaşlıq münasibətlərinə əsaslanan ölkə görmək mümkün deyil. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri yeni bir mərhələyə qədəm qoymuşdur. Xüsusilə də, müharibənin ilk günlərindən Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya açıq şəkildə bəyan edərək, mənəvi, siyasi dəstək verməsi bu münasibətlərin yeni və ən yüksək mərhələsinin başlanğıcı olmuşdur. Türkiyə kimi güclü bir dövlətin ölkəmizə mənəvi və siyasi dəstək verməsi hər bir azərbaycanlını daha da ruhlandırmış, ölkəmizi daha da gücləndirmişdir. Bu baxımdan deməliyik ki, Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərinin ənənəvi olaraq, qardaş Türkiyəyə olması ölkələrimiz arasında sarsılmaz dostluq, qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Şübhəsiz ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amildir. Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiq qalaraq, qardaşlıq münasibətlərini və tarixi bağları günü-gündən daha da dərinləşdirib möhkəmləndirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, prezidentlərin mətbuata birgə bəyanatı region və dünya dövlətləri üçün mühüm mesajları özündə ehtiva edirdi: “İlk öncə onu vurğulamaq lazımdır ki, cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi haqqında qərar olduqca mühüm hadisədir. Xüsusilə, belə mötəbər bir tədbirin Qarabağın tacı Şuşada keçiriləcək olması Şuşanın tarixi əhəmiyyətinin və türk dünyası üçün önəminin bir daha vurğulanması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, cənab Prezident mətbuata birgə açıqlamasında Şuşa Bəyannaməsinə də diqqət çəkərək, onun əhəmiyyətini bir daha vurğulayıb. O deyib: “Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”. Burada ən vacib məqamlardan biri də müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın da sözügedən görüşdə iştirak edəcək olmasıdır. Bu Türk xalqlarının birliyi, həmrəyliyi baxımından əlamətdar hadisə olacaq. Həmçinin, Türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsi və güclənməsinə töhfə verəcək.

Tamam Cəfərova Türkiyə və Azərbaycan arasında imzalanan sənədlərə diqqət çəkərək qeyd edib ki, prezidentlərin iştirakı ilə imzalanan bütün sənədlər ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir: “Burada “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunun əhəmiyyətini xüsusilə qeyd etməliyik. Birgə Universitetin yaradılması haqqında Memorandumun imzalanması təhsil ictimaiyyətimizin çoxdan gözlədiyi əlamətdar hadisədir. Birgə universitetin yaradılması qərarı Azərbaycan və bütövlükdə Türk dünyası üçün çox vacibdir. Azərbaycan və Türkiyə arasında mədəni, elmi və təhsil sahəsində əlaqələr nə qədər çox olarsa, bir o qədər də faydalı olar. Hətta təkcə Azərbaycanla Türkiyə arasında yox, bütövlükdə Türk dünyası arasında bu əlaqələrin daha da möhkəmləndirilməsinə ehtiyac var. Cənab Prezident İlham Əliyevin də dediyi kimi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Və bu ailənin daha da güclənməsi, möhkəmlənməsi üçün ailənin bütün üzvləri birgə səy göstərməli, çalışmalıdır. Dünyada bu qədər çətin və mürəkkəb proseslərin getdiyi, hər gün yeni müharibə, münaqişə ocaqlarının yarandığı bir vaxtda Türk dünyasının güclənməsi beynəlxalq münasibətlərə yeni üslub gətirmək, sülh, əmin-amanlıq və ədalətli yanaşmanın önəmini dünyaya xatırlatmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər