26 Fevral 16:48
225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının Xocalı yarası heç vaxt sağalmayacaq, sağalmamalıdır da. Çünki bunu unutsaq, Xocalı düzündə əliyalın, köməksiz şəkildə qətlə yetirilən insanların ruhunu incidər və eyni taleyi yenidən yaşaya bilərik. Amma 32 il sonra ilk dəfə bu gün - soyqırımın ildönümünü Prezident İlham Əliyev bu dəhşətin yaşandığı torpaqlarda yad edərkən, Xocalı yarası qaysaqlandı. Biz xalq olaraq Xocalı adı gələndə ilk dəfə bu gün rahat nəfəs ala bildik.

Teleqraf.com xəbər verir ki bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Prezident İlham Əliyevin Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyması haqda danışarkən deyib.

A.Camal qeyd edib ki, Prezidentin təməlini qoyduğu memorial təkcə soyqırımı abidəsi yox, Xocalı, bütövlükdə isə insanlıq üçün ədalətin abidəsidir:

“Azərbayacan xalqı bu ədaləti 32 ildir gözləyirdi. Hər il 26 fevralda o dəhşəti yenidən yaşayır, kadrlara baxanda hamımız xocalılı olurduq. Bu illər ərzində ən böyük amalımız, istəyimiz, gözləntimiz torpaqlarımızın azad olunması ilə yanaşı, ədalətin bərpası idi. Bunu ədalətdən, hüquqdan danışan dünya etmədi, dünya birliyi faktiki olaraq, Azərbaycan xalqına heç nə vermədi, beynəlxalq hüququn bərpası üçün kiçik bir addım belə atmadı. Bu ədaləti bu gün Xocalıya ayaq basan, ədalətsizliyə son qoymağın simvolu olan abidə ucaldan Lider - bizə, bu ölkəyə, bu xalqa Zəfəri yaşadan Prezident İlham Əliyev bərpa etdi. Xocalıda təməli qoyulan memorialı həm də ədalətsizliyə "yox” deməyin abidəsi adlandıra bilərik. Azərbaycan dövləti və onun lideri bütün dünyaya nümayiş etdirdi ki, haqq-ədalət tez və ya gec mütləq zəfər çalır”.

A.Camal bu gün Xocalıda ədalətin bərpa olunmasının torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpa olunması qədər əhəmiyyətli olduğunu vurğulayıb:

“Çünki Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş cinayətdir və XX əsrin sonuncu ən dəhşətli qətliamıdır. Əgər belə soyqırımlar unudularsa, yenidən təkrarlana bilər. Prezident İlham Əliyevin Xocalıda təməlini qoyduğu memorial bütün bəşəriyyət üçün ədalətin bərpa edilməsi kimi qiymətləndirilməlidir”.

Politoloq 32 il sonra Xocalı soyqırımını bu dəhşətin yaşandığı torpaqlarda yad etməyin Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Prezident İlham Əliyev Xocalıya səfər etdi”, “Xocalıda soyqırım memorialının təməli qoyuldu” kimi bir cümləlik xəbərlərin mahiyyətində olduqca böyük məzmun və tarix var:

“Bu, yaşadığımız, gördüyümüz ən böyük hadisələrdəndir. 44 günlük müharibəyə qədər hər il Xocalını uzaqdan yad edir, Xocalıya ədalət istəyirdik. Artıq Xocalıdayıq və dünyanın bizə vermədiyi, vermək istəmədiyi ədaləti özümüz gətirdik - gücümüzlə, birliyimizlə. Bu, Prezidentin memarı olduğu Azərbaycandır və bunu nə qədər kiçiltməyə, kölgələməyə çalışsalar da, tarix hər şeyi olduğu kimi yazacaq. Tarix Prezident İlham Əliyevi Azərbaycana Zəfəri və ədaləti gətirən, erməni faşizminə son qoyan lider olaraq tanıyacaq. Bunu kiçiltməyə cəhd edən, bəsit və diletant fikirlərlə kölgələmək istəyənlər var. Bacarmayacaqlar, çünki Azərbaycan xalqı və bəşər tarixi bu gün Xocalıda ədaləti kimin bərpa etdiyini öz gözləri ilə görür. Tarix buna kölgə salmaq istəyənləri də “unutmayacaq”, onların cılız iddiaları, ölkəmizin uğuruna olan nifrətləri özləri ilə birgə öləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər