Otuz iki ildən sonra xocalılar da doğma ata-baba yurdlarına qayıdırlar. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Xocalı şəhərinə səfəri və rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə bu qayıdışın tam reallaşacağına əminlik yarandı. Bu ilin martında ilkin olaraq, Xocalıdan olan 50 ailə isti ocaqlarına köçməyə hazırlaşır. 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığımız tarixi Qəlbədən sonra Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Buna baxmayaraq, Xankəndidə yuva salmış separatçılar təxribatlar törərməkdə davam edir, təslim olmaq istəmirdilər. Onlar xüsusilə, mina terroru vasitəsilə dinc əhalini, o cümlədən hərbçiləri qətlə yetirirdilər. Bu, uzun müddət davam edə bilməzdi. Ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin keçirilməsi zərurəti yetişdi. Separatçı rejim bu dəfə cəmi 23 saat davam gətirə bildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. 2023-cü il oktyabrın 15-də dövlət başçımız Xocalıda Azərbaycan Bayrağını qaldıranda hər bir soydaşımızın, xüsusilə xocalıların sevinci yerə- göyə sığmadı. Xocalı da öz azadlığına qovuşdu.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi Böyük Qayıdış proqramına əsasən, işğaldan azad edilmiş ərazilərimizə möhtəşəm köçün başlandığını xatırladıb. Keçmiş məcburi köçkünlər böyük çoşqu ilə doğma el-obalarına qayıdırlar. Sentyabrın 20-də Azərbaycanın öz suverenliyinin tam bərpasından sonra dövlətimizin başçısı dərhal göstəriş verdi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmiş, Xocalını yerlə-yeksan etmiş, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi. Onların hamısı doğma torpaqlarımızdan qovuldu. Bu gün Xocalı tam azaddır. Otuz iki ildən sonra ilk dəfə Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Biz otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Dövətimizin başçısı Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlini qoydu. Bu Memorial Kompleksin təməli çoxdan qoyulmuşdu, layihəsi də çoxdan hazır idi, ancaq tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz Xocalıya qayıdacağımıza inanırdıq. Qayıtdıq da.
Komitə sədri dövlət başçımızın çıxışından bəzi məqamları diqqətə çatdıraraq deyib ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək, günahsız insanları qətlə yetirmişdir. Lakin beynəlxalq təşkilatlar, iri dövlətlər bu soyqırımına laqeyd yanaşdı. “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq, bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Dövlətimizin başçısı dedi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Azərbaycanın bu ərazisi də azad olunmadan biz sakitləşə bilməzdik. Bunun nəticəsidir ki, bu gün Xocalı azaddır və öz sakinləri qəbul etməyə hazırlaşır.
Ç.Qənizadə bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının qisasının alındığnı qeyd etdi: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz böyük peşəkarlıq, cəsarət göstərdi. Bütün dünya ordumuzun qəhrəmanlığının şahidi oldu. Bunun sayəsində bu gün Qarabağda, işğaldan azad edilmiş bütün ərazilərimizdə yenidənqurma, abadlıq-tikinti işləri sürətlə davam etdirilir. Bu işlər həm Ermənistana, həm də onun havadarlarına gözdağıdır. Artıq Ermənistanın yeganə yolu Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.