“Vətən Müharibəsindən sonra Avropada Azərbaycana qarşı həyata keçirilən çirkin siyasi kampaniya sistemli, ardıcıl xarakter daşıyır. Avropanın siyasi institutları ölkəmizə qarşı qətnamə, qərar qəbul etməkdə sanki yarışa girişiblər. Erməni lobbisinin çirkli pullarının əsirinə çevrilən avropalı deputatlar Azərbaycanla bağlı müzakirələrdə onlara verilən hazır şablon çıxışlardan istifadə edir, öncədən yazılan qərarı imzlayırlar. Onların qəbul etdiyi qətnamələri heç Avropa dövlətlərinin özləri qəbul etmirlər. Öz ölkələrindəki seçkilərdə uğur qazana bilməyən, çıxdaş edilən siyasətçilərin dərnəyi olan Avropa Parlamentinin Azərbaycana qarşı sanksiya çağırışları ikiüzlülükdən başqa bir şey deyil”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, ermənilərin Avropadakı cinayətkar ünsürləri tərəfindən maliyyələşdirilən deputatlar qanun qarşısında cavab verməli olacaqlar: “Heç kəsə sirr deyil ki, Avropada Ermənistanın lobbiçiliyini həyata keçirən təşkilatların başında Brüsseldə yaşayan erməniəsilli Kaspar Karapetyan dayanır. Transmilli cinayətkarlıqla məşğul olan Karapetyanın adı silah və narkotik ticarətində hallanır. O, brilyant qaçaqmalçılığı ilə də məşğukldur. Rusiyanı Aİ-nin sanksiyalarından qoruyan erməni biznesmenin vasitəsilə Rusiyadan və Ermənistandan almazlar Belçikaya gətirilir, orada cilalanaraq satılır. Karapetyan Belçikada siyasətçiləri ələ almaqda mahirdir. Şübhə yoxdur ki, AP-nin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin arxasında Karapetyanın çirkli pulları dayanır. İslamafob, rasist və türkofob dairələrin, sələbçi və neokolonial təfəkkürlü adamların təsir dairəsində olan Avropadakı təşkilatlar Qərbin dünyadakı monopolist mövqeyini saxlamağa çalışırlar. Amma məqsədlərinə çatmayacaqlar. Onların birqütblü dünya yaratmaq çabaları fayda verməyəcək. Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat"da bizim üçün adi kağız parçasından başqa bir şey deyil. O sənəddə bütün faktlar təhrif edilib. Qətnamə həm də Avropa İttifaqının xarici siyasətinin gələcəyinə şübhələr yaradır. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda onun paramenti suverenliyimizə hörmətsizlik nümayiş etdirir. Separatçılığı və Ermənistanın işğalçılıq siyasətini təşviq edir. Belə çıxır ki, Avropa Parlamenti beynəlxalq hüquq və Avropa İttifaqının maraqlarını deyil, erməni lobbisinin təsiri altında olan, Azərbaycana qarşı qərəz sərgiləyən deputatların şəxsi maraqlarını müdafiə edir”.
R.Alıyev qeyd etdi ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına, xüsusilə də, bir neçə gün əvvəl növbəti ildönümü qeyd olunan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən hər zaman boyun qaçıran Avropa Parlamenti əleyhimizə olan məsələləri ildırım sürətilə müzakirəyə çıxarıb qərar qəbul edir: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına yerinə yetirdi. 44 günlük Vətən müharibəsindən sonra regionda uzunmüddətli sülh və sabitlik üçün şərait yarandı. Sülh prosesini dəstəkləmək əvəzinə Avropa təsisatları Ermənistanın siyasi dairələrinin Azərbaycana qarşı səsləndirdiyi iddiaları, ittihamları təkrarlamaqla məşğul olur. Almaniyada sülh danışıqlarının davam etdiyi bir vaxtda böhtan xarakterli qətnamənin qəbulu göstərir ki, Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Ermənistanın silahlandırılmasını vacib sayan AP Cənubi Qafqazda gərginliyi artırmaqla sülh prosesinə əngəl olmaq istəyir. AP Fransanın anti-Azərbaycan siyasətini davam etdirir. Onların bu cür iyrənc oyunları Azərbaycanı öz yolundan, məqsədindən yayındıra bilməz. Biz Cənubi Qafqazda sülhün, inkişafın tərəfdarıyıq. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş abadlıq, quruculuq işləri, Ermənistanla aparılan sülh danışıqları buna misaldır. Sadəcə olaraq Avropa dövlətləri və strukturları bunu görmək istəmir”.