29 Fevral 21:06
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin köməkçisinin müavini xanım Kimberli Harrinqton və Birləşmiş Ştatların Azərbaycandakı səfirı Mark Libbi Səngəçal terminalında olublar.

Teleqraf.com xəbər verir ki, K.Harrinqton və nümayəndə heyətinin terminalla tanışlığı Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başlayıb. Qonaqları qarşılayan bp şirkətinin vitse-prezidenti Katerina Papaleksandri, xarici əlaqələr üzrə rəhbər Günəş Əliyeva, hökumətlə işlər üzrə baş müşavir Qivami Rəhimli və terminalın əməliyyatlar üzrə meneceri Fil Qrey şirkətinin regiondakı fəaliyyətləri barədə K.Harrinqtona ətraflı məlumat veriblər.

Qivami Rəhimli qonaqlara ölkəmizin neft tarixinin xronologiyası barədə ətraflı məlumat verərək bildirib ki, bp öz tərəfdaşları ilə birlikdə regionda həyata keçirdiyi neft və qaz layihələri, yaratdığı infrastrukturlar vasitəsilə Azərbaycanın Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bunların arasında Xəzər dənizi regionu üçün həyati əhəmiyyət kəsb edən, bp şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalı xüsusi rol oynayır. Azərbaycanın ən mühüm strateji mərkəzi və bp şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalı dünyanın ən böyük inteqrasiya edilmiş unikal neft-qaz terminalıdır.

Avtobusla Səngəçal terminalının əməliyyatlar sahəsini gəzən qonaqlara texnoloji proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neft və dünyanın ən böyük enerji layihəsi olan Şahdəniz qaz yatağından hasil olunan qaz terminala nəql edilir, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri ilə ixrac edilir. İxrac olunan neftin və təbii qazı Avropaya çatdıran Cənub Qaz Dəhlizinin qlobal enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır.

Qonaqlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı ilk - əsas nasos stansiyası, “Şahdəniz” və “Azəri-Mərkəzi-Şərqi” layihələrinin nəzarət-idarəetmə mərkəzi ilə də tanış olublar. Qeyd edilib ki, “Azəri-Mərkəzi-Şərqi” platforması Xəzərdə sahildən idarə olunan ilk dəniz platformasıdır. Bütün idarəetmə işləri platformadan deyil, Səngəçal terminalından aparılir. Bu da öz növbəsində proseslərin avtomatlaşdırılması və rəqəmsal innovasiyaların geniş istifadəsinə imkan yaradan ən müasir dizayna malik möhtəşəm innovativ mühəndislik nümunəsidir.

Səngəçal terminalına səfərindən məmnunluğunu bildirən K.Hallinqton qeyd edib ki, Vaşinqton bundan sonra da Azərbaycandakı layihələrdə uzunmüddətli tərəfdaş olmaqda davam edəcək və COP29-a ev sahibliyi edəcək Azərbaycanın metan emissiyalarının azaldılması, bərpaolunan enerjinin inkişafı və yaşıl enerji layihələrinə dəstək olacaq.

K.Harrinqtona bp şirkəti adından rəmzi məna daşıyan “Şahdəniz” suveniri və Azərbaycanın miniatür sənətinə həsr olunmuş “Təbrizin sehrli nağılları” kitabı hədiyyə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər