1 Aprel 13:28
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

2028-ci ildə Türkiyədə keçiriləcək seçkilərdə ən güclü namizəd son bələdiyyə seçkilərində qalib gələn İstanbulun hazırkı bələdiyyə sədri Əkrəm İmamoğlu ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

“Türkiyəni “diktatura”, Ərdoğanı “diktator” adlandıranlar bir az utansınlar. Dürüst seçki keçirən, uduzduğunu qəbul edən, səsə, seçiciyə önəm verən yerdə diktatura ola bilməz.

Qardaş Türkiyəni ordu quruculuğunda örnək alırıqsa, təhlükəsizlik konsepsiyasında, xarici siyasətdə birgə addımlayırıqsa, idarəetmə sistemlərimizi də uyğunlaşdırmalıyıq. Bu baxımdan yerli önünüidarə sisteminə keçməli, mer institutunu təsis edib birbaşa seçkilər keçirməli, paralel olaraq, 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirərək valilik (Prezidentin şəxsi nümayəndəsi) institutu yaratmalıyıq”, - partiya rəsmisi bildirib.

Natiq Cəfərli hesab edir ki, bu seçkidən sonra Türkiyənin Qərblə yaxınlaşması sürətlənəcək:

“Həmçinin iqtisadiyyatda yaranmış problemlərin tədricən həllinə şahidlik edəcəyik.

Son seçki həm də 2028-ci ildə Türkiyənin növbəti prezident seçkilərində ən güclü namizədinin adını da açıqladı: İmamoğlu. Əkrəm İmamoğlu Ərdoğanın siyasi karyerasını eynilə təkrarlayacaq. Ərdoğan da İstanbulda bələdiyyə sədri olduqdan sonra siyasətin bir nömrəsi oldu, son 22 ildə ölkəni idarə etməyi bacardı”.

ReAl rəsmisinin fikrincə, Azərbaycan da bunu nəzərə alaraq, indidən dövlətlərarası münasibətlərdə İmamoğlu faktorunu hesaba qatmalıdır.

“Türkiyədə dünənki seçki həm də Kılıçdaroğlunun ciddi məğlubiyyəti, köhnə CHP zehniyyətinin bitməyə doğru getməsi ilə yadda qaldı. CHP getdikcə daha çox siyasi olaraq mərkəzə yaxınlaşacaq, soldan addım-addım uzaqlaşıb mərkəz olacaq”, - Natiq Cəfərli vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər