3 Aprel 16:28
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycana qarşı qərəzli, məntiqsiz, beynəlxalq hüquqa zidd, yalan dolu iddialarının səbəbi təkcə “ermənipərəstlik” və ya erməni lobbisinin təsiri deyil. Bu, həm də Britaniyanın qarşısında olmaq, anqlo-saks dünyasına ilişməkdir.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Fransa hətta üzdə Rusiya ilə sözdə “dava-dava” oynasa da, məhz anqlo-sakslarla mübarizədə onunla gizli müttəfiqdir:

“Məsələn, anqlo-sakslar Avstraliyanın nüvə sualtı gəmi sifarişini Parisin əlindən alıblar, ona onmilyardlarla dollar ziyan vurublar. AUKUS adlı birlik yaradaraq Fransanı bundan kənarda saxladılar, siyasi-iqtisadi olaraq onu aşağıladılar.

Bu gün Cənubi Qafqazda qalıcı, dayanıqlı sülhə mane olan ən böyük qüvvə Rusiyadır. Azərbaycan-Türkiyə müttəfiqliyi və Bakının atdığı beynəlxalq hüquqa uyğun addımlar, ərazi bütövlüyümüzün tam bərpası Kremlin bölgəmizə təsirlərini xeyli azaltdı. Bir də onda ayıldılar ki, NATO dövləti, qardaş Türkiyə Cənubi Qafqazda artıq oyun qurucusudur, ciddi güc mərkəzidir. Həmçinin Azərbaycanın Britaniya ilə də özəl, yaxşı münasibətləri var. Fransa həmişə Britaniyanın qarşısında olmaq istəyir.

Moskva da anlayır ki, indi sülh müqaviləsi də bağlansa, bu bölgəyə təsirləri tam azalacaq, rıçaqlar əlindən tamamilə çıxacaq. Rusiyadan boşalacaq yeri ABŞ və Britaniya tuta bilər. Bu, Moskvaya da sərf eləmir, ona görə də, Fransa ilə müyyən anlaşmalara getmələri mümkündür.

Əgər Fransa Cənubi Qafqazda dayanıqlı sülhə mane olan addımlar atırsa, demək, Kremlin əlinə oynayır, eyni maraqlardan çıxış edirlər. Eyni şey Afrikada da baş verir. Paris öz təsir dairəsində olan ölkələri Kremlə təhvil verdi, zatən, əlində saxlaya bilmirdi. Moskvaya verməsəydi, ABŞ-Britaniya, və ya Çin götürə bilərdi”.

Natiq Cəfərli hesab edir ki, Fransa Ukraynada da bənzər oyuna getmək istəyir:

“Parisin israrla dilindən düşürmədiyi “qoşun yeridəcəyik” sözləri boş yerə ortaya atılmayıb. Bütün NATO, o cümlədən, ABŞ deyir ki, olmaz, mümkün deyil. Amma Fransa israrla bu məsələni gündəmə gətirir. Çünki Kremllə bu məsələdə də maraqları uyğun gələ bilər. Fransa qoşun göndərsə, Ukraynada dərhal “Koreya variantı” işə düşəcək, “ukraynavari 38-ci pararlel” yaranacaq. Nəticədə münaqişə dondurulacaq ki, bu da Moskvanın maraqlarına tam uyğundur.

Bir sözlə, siyasətdə hər şey heç də göründüyü kimi deyil, daha alt qatlar, daha dərin maraqlar və anlaşmalar olur. Fransa bu gün faktiki Rusiya ilə birgə hərəkət edir, sözdə “dava” etsələr də, bir-birlərinin maraqlarına oynayırlar. Xarici İşlər Nazirliyimiz məsələni məhz belə təqdim etməyi bacarmalıdır. Bu təqdimat Fransanın əlini xeyli zəiflədəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər