4 Aprel 10:54
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplantısı planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, toplantıda hər 5 ildən bir yenilənən və “dövlətin gizli konstitusiyası” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədi də müzakirə mövzusu olacaq.

“Qırmızı kitab” adlandırılan sənəd Türkiyənin izlədiyi milli təhlükəsizlik siyasətinin prinsiplərini ehtiva edən “yol xəritəsi”dir.

Milli hədəflərə çatmaq üçün izləniləcək daxili, xarici təhlükəsizlik və müdafiə siyasətləri ilə bağlı prinsipləri əhatə edən sənəd Prezident Tayyib Ərdoğan tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Toplantıda müzakirə ediləcək digər mühüm mövzu isə terrorla mübarizə olacaq. Ərdoğanın “Yaya qədər İraqla sərhədlərimizlə bağlı məsələni həmişəlik həll etmiş olacağıq” bəyanatı əsasında terrorizmlə mübarizədə genişlənmə doktrinası müzakirə ediləcək.

İraq və Suriyada PKK/YPG/PYD terror təşkilatına dəstək verən ölkə və strukturlar nəzərdən keçiriləcək. İraqla təmaslar və terror təşkilatına dəstək verən “Kürdüstan Vətənpərvərlər Birliyi” ilə bağlı məsələ də masada olacaq.

İsrail-HƏMAS müharibəsi də Təhlükəsizlik Şurasının gündəmindədir. Ankaranın bu yöndə diplomatik səyləri və böhranın yayılmasının qarşısını almaq üçün atılacaq addımlar müzakirə ediləcək.

Ukrayna müharibəsi, Cənubi Qafqazdakı (Ermənistan-Azərbaycan sülh prosesi) son durum, Kipr və Şərqi Aralıq dənizi məsələlərinin də şuranın gündəmində olacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər