“Qərb dövlətlərinin rəsmi şəxslərinin təskinlik xatirinə verdikləri açıqlamalara baxmayaraq, aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan ABŞ-Aİ-Ermənistan görüşü Cənubi Qafqaza müsbət heç nə vəd etmir. Rəsmi Bakını narahat edən əsas məsələ Ermənistanın hərbi gücünün artırılması deyil, Cənubi Qafqazın barıt çəlləyinə, döyüş poliqonuna çevrilməsidir. Təbii ki, Ermənistan bundan sonra özünün hərbi potensialını nə qədər artırsa belə, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməz. Söhbət bölgəmizin hərbiləşdirilməsindən, Qərb-Rusiya, Qərb-İran qarşıdurması meydanı olmasından gedir. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı səsləndirdiyi narahatlıqlar kifayət qədər əsaslı idi”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, telefon danışığının ABŞ Dövlət katibinin istəyi ilə baş tutması onu göstərir ki, Ağ ev Azərbaycana qarşı edilən haqsızlığın Bakıda haqlı narahatlıq doğurduğunun fərqindədir:
“ABŞ Dövlət katibinin ölkəmizin iştirakı olmadan keçiriləcək görüş barədə Azərbaycan Prezidentinə məlumat verməsi ölkəmizə olan ehtiramdan və etimaddan xəbər verir. Telefon danışığında açıq şəkildə qeyd olundu ki, Qərbin Cənubi Qafqazla bağlı yürütdüyü siyasət xoşagəlməzdir, təhlükəlidir. İrəvan ona verilən şirin vədlərə aldanaraq Rusiya ilə tarixi əlaqələrin üzərindən xətt çəkərək Qərbə doğru istiqamət alır. Təbii ki, Gürcüstan və Ukrayna kimi, Ermənistanın da Rusiyadan zərbələr ala biləcəyi istisna deyil. Ermənistanın “Böyük qardaşından” imtina edib “böyük bacılarına” doğru meyllənməsi və buna görə alacağı zərbə Bakını o qədər də narahat etmir. Amma baş verə biləcək xoşagəlməz nəticələrin Azərbaycana mənfi təsirlərini də gözardı edə bilmərik. Aydındır ki, sabah Brüsseldə Ermənistanın anti-Rusiya avantürasına cəlb edilməsi üçün hüquqi əsaslar formalaşdırılacaq. Paşinyan və komandası orada imzalanması gözlənilən təhlükəsizlik zəmanəti paktının Ermənistanı ağ günə çıxaracağına ümid edirlər. Amma onlar Gürcüstan və Ukraynaya verilən vədlərin qarşılığında bu ölkələrin Rusiyadan aldıqları zərbələri sanki unudublar. Qərb 2008-ci ildə Gürcüstanı, 2022-ci ildə Ukraynanı Rusiyadan qoruya bilmədi. Hər iki ölkənin düşdüyü acınacaqlı vəziyyətə görə Qərb məsuliyyət daşıyır”.
Politoloq qeyd etdi ki, Qərb Ermənistanı “Azərbaycan hücuma hazırlaşır” yalanı ilə tələyə salıb:
“Xüsusilə də Fransa bu yalanı az qala hər gün gündəmə gətirir. Azərbaycan Prezidenti Blinkenlə telefon danışığında belə yalanların dövriyyəyə buraxılmasından narahatlığını ifadə etdi. Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Xüsusilə də, Fransa tərəfindən Ermənistanın silahlandırılması siyasəti təxribatlara səbəb olacaq. Antoni Blinken isə dövlət başçısını əmin etdi ki, 5 aprel görüşü Azərbaycana qarşı deyil. Qərbin bütün təskinlik xarakterli açıqlamalarına baxmayaraq, Fransa və ABŞ-ın bəzi dairələrinin Ermənistana dəstəklərini artırması, ermənilərin Azərbaycanla sərhəddə yeni hərbi qüvvələr daşıması, Ermənistanın silahlandırılmasının sürətləndirilməsi məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil. 5 aprel görüşü ərəfəsində İrəvanda revanşist qüvvələrin fəallaşması, Azərbaycanın hələ də işğal altında olan kəndlərinin qaytarılmasına qarşı müqavimətin güclənməsi rəsmi Bakının diqqətindən yayınmır. Hesab edirəm ki, əgər ABŞ regionda balanslı siyasət yürütmək, Azərbaycanla uzunmüddətli əməkdaşlıq etmək istəyirsə, Ermənistanı silahlandırmaq yox, sülh danışıqlarının sürətləndirilməsinə dəstək olmalıdır. 5 aprel görüşünün nəticələri Fransa və ABŞ-ın Cənubi Qafqaz siyasətinin konturlarını daha açıq göstərəcək və Bakı çox güman ki, həmin ölkələrlə münasibətlərinə görüşün nəticəsləri əsasında yenidən baxmalı olacaq”.