Cənubi Qafqazın gələcəyini Türkiyə-Azərbaycan ittifaqı şəkilləndirəcək.
Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi Rusiyadan Qarabağla bağlı verilən son açıqlamalara diqqət çəkib:
“İkinci Qabarabağ Müharibəsində böyük qələbəmizdən sonra Putin publik çıxışlarında ən azı dörd dəfə söylədi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edərkən Rusiya ilə məsləhətləşməyib. Hətta çıxışlarının birində belə bir cümlə də işlətdi: “Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi bizdə təəccüb doğurdu”.
Xatırladım ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycana aid olduğunu Praqa görüşündə, yəni Qərbdə elan etmişdi.
Rusiya xarici işlər naziri Lavrov da bir neçə dəfə çıxışlarında Ermənistanın məsləhətsiz davrandığını, Qarabağ məsələsində Moskvanın sözünə qulaq asaydı, vəziyyətin başqa cür olacağını bildirib. İki gün öncə isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova daha da irəli getdi. O dedi ki, NATO, ABŞ və Avropa Birliyi Ermənistanı Qarabağın Azərbaycana aid olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edib. Zaxarova açıq söylədi ki, Rusiya “Qarabağın statusu” ilə bağlı məsələlərin sonra müzakirə edilməsini istəyirdi, razılaşma vardı, Paşinyan və Ermənistan isə Qərbin təzyiqi və təsirilə Qarabağın Azərbaycana aid olduğunu bəyan edərək bu işi pozdu.
Belə çıxır ki, Azərbaycanda tənqid edilən Qərb ermənipərəst yox, “azərbaycanpərəst”dir, guya onlar Paşinyana təzyiq ediblər, ciddi təsir göstəriblər, sırf Azərbaycan mövqeyindən çıxış edərək ölkəmizin ərazi bütövlüyünün tanınmasında mühim rol oynayıblar, Paşinyan da məcbur qalıb Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edib, bunu imzalamaqla Rusiyanın oynunu pozub. Belədirsə, niyə bizdə, yəni media məkanı və publik siyasətdə bu işə mane olmağa, münaqişəni yaradan və diri tutmağa çalışan Rusiya yox, ərazi bütövlüyümüzü tanıyan Paşinyan, onu bu addıma “məcbur” edən Qərb tənqid edilir? Hansı məntiq var bunda?”.
Natiq Cəfərli ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək görüşə də toxunub:
“Bu gün Brüsseldə baş tutacaq görüşdən öncə ABŞ və Avropa Birliyindən Azərbaycan Prezidentinə gələn zənglər ölkəmizin bölgədə açar dövlət olduğunu, bu sammitin Bakıya yox, Moskvaya qarşı olduğunu göstərmək üçündür. Bu, Azərbaycanın nüfuzunun göstəricisidir. Yeri gəlmişkən, Kreml də israrla deyir ki, bu görüş onlara qarşıdır.
Azərbaycana gəlincə, bu məsələdə haqlı narahatlıq ifadə etməyimiz doğrudur, amma çox da irəli getməyə ehtiyac yoxdur. Dəfələrlə dediyim məsələni bir daha təkrar edim: Rusiya-Ermənistan münasibətlərində tərəf olmamalıyıq. Özləri bilər, çox yaxındırlar, iç-içədirlər, bir-birlərini sevsələr də, söysələr də özləri bilərlər.
Yeri gəlmişkən, bu sammitə Fransanın dəvət almaması da çox maraqlıdır. Mənə elə gəlir ki, Qərbdə Fransanın Rusiya ilə müxtəlif məsələlərdə birgə oynamaq istədiyini daha aydın görürlər, bunu bilirlər.
Bölgəmizə sülh, əməkdaşlıq lazımdır, bunun üçün bütün regional oyunçularla işləmək vacibdir. Zatən yanımızda, arxamızda Türkiyə var, bölgə və dünyada (xarici siyasət və təhlükəsizlik) birgə davranırıq. Bu, çox vacib ittifaqdır, bölgəmizin gələcəyini məhz bu ittifaq şəkilləndirəcək”.