ABŞ və Avropa İttifaqı ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Brüsseldə keçirilən üçtərəfli görüşdə verilən mesajlara diqqət çəkib:
“Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlandı. ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozef Borrell mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədi. Mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib.
ABŞ və Avropa İttifaqı rəsmiləri Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarını bildirdilər. Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. Elə bizə də o lazımdır ki, Qarabağ erməniləri Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib.
Beləliklə, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi. Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdi ki, Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdır. Ancaq Vaşinqton və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu, Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək”.
Elxan Şahinoğlu hesab edir ki, Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə, İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil:
“Təəssüf ki, Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər. Paşinyanın “Sülh qovşağı” ideyasına dəstək verdiklərini söylədikləri halda Prezident İlham Əliyevin daha geniş “Qafqaz evi” ideyasına münasibət bildirmədilər. Leyen onu da söylədi ki, Ermənistanın Qara dəniz sualtı kabel vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar.
“Ermənistanın yaşıl enerji istehsalı və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik”, – deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən, layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır, əks halda Qara dənizin dibi ilə ikinci sualtı kəməri çəkiləcək”.