ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edərək Brüsseldə Avropa İttifaqı-ABŞ və Ermənistan arasında keçiriləcək görüşün mahiyyəti ilə bağlı mümkün qədər məlumat verməyə çalışıb. Gündəliyi açıqlanmayan bir görüşün qeyri-şəffaf olması ilə bağlı ciddi əsaslar var. Ona görə də, Azərbaycan tərəfində bu görüş xeyli şübhələr yaradıb. Geniş ictimaiyyət üçün də açıq deyil.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, Blinkenin Prezident İlham Əliyevə telefon zəngi ABŞ-ın Azərbaycana, onun Liderinə olan sayğısı və hörmətindən irəli gəlir: “Sözsüz ki, bu yüksək qiymətləndirilir. Eyni zamanda Azərbaycan Prezidenti də vurğuladı ki, Brüssel görüşünün gendəliyində hansı məsələlərin müzakirə ediləcəyi, Ermənistana hansı vədlərin veriləcəyi bəlli deyil. Ermənistana edilən hərbi yardımlar bu xüsusda qeyd edilib. Bir müddət öncə ABŞ hərbi mütəxəssisləri Ermənistanda səfərdə olub. Fransa tərəfindən də Ermənistana silahların verilməsi faktları indiki halda gərginliyin yaranmasına xidmət edir”
Millət vəkili hesab edir ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlar intensiv xarakterə malikdir: “Amma sülh danışıqları fonunda Ermənistana hərbi yardımların edilməsi,. silahların göndərilməsi heç bir məntiqə uyğun deyil. Belə çıxır ki, erməni tərəfi əvvəllər olduğu kimi yenə də sülh danışıqlarını imitasiya etməklə məşğuldur. ABŞ və Avropa İttifaqı da Cənubi Qafqazda sülhün yaranmasında, təhlükəsizlik arxitekturasının formalaşmasında maraqlı deyil”.
Ziyafət Əsgərova görə, sülh danışıqlarının hər iki tərəfdə aktiv müzakirə mövzusuna çevrildiyi dövrdə Brüsseldəkı görüşün nəyə xidmət etdiyi aydınlaşmalıdır: “Azərbaycan Prezidenti də haqlı olaraq bütün məsələləri telefon danışığı zamanı Blinkenin nəzərinə çatdırdı. ABŞ dövlət katibi bu görüşün Azərbaycanın əleyhinə olmadığını qeyd edib. İddia edirlər ki, bu görüşdə Ermənistana iqtisadi yardımlarla bağlı məsələlər müzakirə olunacaq. Sözsüz ki, bunlar gözdən pərdə asmaq üçün edilən açıqlamlardır. Ermənistana iqtisadi yardımlar adı alıtnda nələrin göndəriləcəyi deyilməlidir”.