İranın Azərbaycana qarşı hər hansı təxribatı olarsa, ABŞ və Avropa Birliyi (AB) ölkəmizə dəstəklərini artırmalı olacaq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“İsrailin İranın Suriyadakı konsulluq binasına raket zərbəsi və nəticədə bu iki ölkə arasında artan gərginlik Brüsseldə ABŞ - Avropa Birliyi - Ermənistan görüşünün önəmini azaltdı. İran İsrailə zərbə vurmağa hazırlaşır. İsrail İranın mümkün həmləsini cavabsız qoymayacaq. Bu halda ABŞ müttəfiqi İsraili dəstəkləmək məcburiyyətində qalacaq. Bu arada, İrandakı mərkəzlərin İsrail-Azərbaycan əməkdaşlığına görə Bakını hədələməsi Vaşinqton və Brüsselin diqqətindən yayınmayıb. İsraillə tərəfdaşlığa görə İranın Azərbaycana qarşı hər hansı təxribatı olarsa, ABŞ və Avropa Birliyi Azərbaycana dəstəklərini artırmalı olacaq”, - ekspert bildirib.
Elxan Şahinoğlu hesab edir ki, bölgədə bunlar yaşanarkən, Ermənistan Baş naziri Nikol Paşinyanı Brüsselə dəvət edən ABŞ və AB rəsmiləri Azərbaycanı narazı salmamağa çalışır:
“ABŞ İran üzrə elçisini Bakıya göndərdi, dövlət katibi Entoni Blinken Brüssel görüşündən iki gün əvvəl Prezident İlham Əliyevə zəng etdi. Vaşinqton və Brüssel rəsmi Bakının narahatlığını azaltmaq üçün diplomatik fəallıqlarını artırdı. Təsadüfi deyil ki, Vaşinqton və Brüssel İrəvana təhlükəsizlik təminatı vədini vermədi, ayırdıqları 250 milyon avro və 65 milyon dollar isə Ermənistanın iqtisadi problemləri və Rusiyadan iqtisadi asılılığını azaltmaq üçün kifayət etməyəcək.
Beynəlxalq aləm üçün əsas mövzu İsrail-İran gərginliyi, iki ölkə arasında toqquşma ehtimalı və bölgədə İsrailin tərəfdaşlarını qorumaqdır, Ermənistanı Rusiyadan qorumaq mövzusu arxa plana keçib”.