Brüsseldə keçirilən ABŞ-Avropa Birliyi-Ermənistan görüşündə sensasiya baş vermədi, Azərbaycanın birbaşa ziyanına olacaq qərarlar verilmədi.
Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
“Avropa Birliyi Ermənistana 4 ildə 270 milyon avro, ABŞ ildə 65 milyon dollar yardım ayıracağını bəyan etdi. Maraqlıdır ki, bu vəsaitin əsasən Xankəndi və ətrafından Ermənistana könüllü olaraq köç edən ermənilər üçün nəzərdə tutulduğu, onların Ermənistana inteqrasiya edilməsinə xərclənəcəyi açıqlandı. Mətndə açıq qeyd olunur ki, vəsait həmin şəxslərin Ermənistan büdcəsinə yük olmaması, onların mənzil, iş problemlərinin həlli üçün nəzərdə tutulur. Bəs bu, bizə ziyandır, ya yox? Məncə, ziyanı yoxdur, onların Ermənistana inteqrasiya olub orda qalmaları daha məqbuldur. Zatən, Azərbaycanın çoxsaylı çağırışları, təhlükəsizliklə bağlı təminatlarına baxmayaraq qayıtmaq istəmirlər, özləri bilər, qoy orda qalıb Ermənistanın məhv olmuş, ağır demoqrafiq vəziyyətinə dəstək olsunlar.
Erməniləri Rusiya qaytarmaq istəyir ki, Xənkəndi və ətrafında öz “sülhməramlılar”ını 2025-ci ildən sonra da saxlamağa bəhanə olsun. Qərb də deyir ki, qayıtmasınlar, inteqrasiya olunsunlar, buna pul da veririk. Deməli, əslində, bu, bizə strateji olaraq sərf edir”, - partiya rəsmisi bildirib.
Natiq Cəfərlinin fikrincə, Qərb-Ermənistan görüşündən ən çox narahat olan Rusiyadır.
Onun sözlərinə görə, Kreml Ermənistanı əlindən asanlıqla verməyəcək, İrəvanın Qərblə yaxınlaşması Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq:
“Bu, bizim strateji maraqlarımıza xidmət edir, onda niyə narahat oluruq? Sadəcə bu gərginlikdə tərəf olmayaq, bu, bizə yetər, yerdə qalanını özləri bilərlər.
İran da Ermənistan-Qərb yaxınlaşmasından narahat olub, Qərb və NATO-nun sərhədi yaxınlığında möhkəmlənməsinə etirazını bildirib. Bu da yaxşıdır. Əgər Ermənistan Qərblə yaxınlaşanda İranla münasibətləri pisləşəcəksə, bu da bizim strateji maraqlarımıza uyğundur. İran-Ermənistan qarşıdurmasından niyə narahat oluruq?
Yəni Ermənistan-Qərb münasibətlərindən bizim üçün tarixi və ekzistensial təhlükə olan Rusiya və İranı narahat edirsə, bundan öz maraqlarımız üçün istifadə etməyə çalışmalıyıq”.
Natiq Cəfərli Azərbaycanın Qərbə haqlı iradlarının olduğunu da vurğulayıb:
“Azərbaycan Qərbin bəzi dairələri ilə bağlı haqlı iradları və gözləntilərini açıq dilə gətirməlidir, bu aydındır, amma Qərb-Ermənistan münasibətlərini təhlükə yox, fürsət kimi görməyə, bu məsələdən öz milli maraqlarımız çərçivəsində istifadə etməyə çalışmalıyıq. Əgər bu münasibətlər Rusiya və İranı narahat edirsə, deməli, bizim üçün maraq yarada biləcək, sərf edəcək tərfləri də var. Bu haqda düşünməliyik.
Ermənistan daha heç vaxt Azərbaycan üçün hərbi təhlükə olmayacaq, buna nə gücləri, nə təpərləri, nə də resursları çatır. Azərbaycan-Türkiyə hərbi ittifaqı, Şuşada imzalanan və ratifikasiya olunan sənəd, hər iki ölkənin ərazi bötövlüyü və suverenliyinin birlikdə müdafiəsi öhdəliyi (məsələn, NATO-nun 5-ci maddəsi kimi) Azərbaycanı Ermənistandan qorumaq üçün deyil, Ermənistana “bir əl”lə qalib gəlmək qüdrətimiz var, o müqavilə Şimal və Cənubdan gələn təhlükələr üçündür.
Ermənistan-Qərb yaxınlaşması da, bu ölkə üçün də Şimal və Cənubdan gələ biləcək təhlükələrə görədir, Azərbaycana qarşı deyil”.
Partiya rəsmisi onu da da əlavə edib ki, Ermənistanın Qərbə inteqrasiyası (asan olmayacaq) ancaq Türkiyə və Azərbaycanla normal münasibətlərindən asılıdır:
“Bu, yalnız Türkiyə üzərindən coğrafi və logistik olaraq mümkün ola bilər. Yeri gəlmişkən, dünən Brüssel görüşündən sonra yayılan sənəddə də bu məsələ açıq yer alıb”.